BDU-da professor Nəsir İmanquliyevə həsr olunmuş elmi seminar

22/12/2022

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində professor Nəsir İmanquliyevin anadan olmasının 111-ci ildönümünə həsr olunmuş “Azərbaycan jurnalistikası - XXI əsrin çağırışları” mövzusunda elmi seminar keçirilib.

Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq elmi seminarın məqsədi barədə məlumat verib və ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasının inkişafındakı rolundan bəhs edib.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli Nəsir İmanquliyevin tarixi missiyasını ləyaqətlə yerinə yetirdiyini və yazıları ilə mətbuat tariximizə qiymətli töhfələr verdiyini vurğulayıb. Natiq bildirib ki, Nəsir İmanquliyev Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirərək mətbuat tariximizin təməlini möhkəmləndirən şəxsiyyətlərdən olub.

Uzun illər Nəsir İmanquliyevin professoru olduğu kafedranın müdiri, dosent Xatirə Hüseynova ömrünün 50 ilini BDU-nun Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alimin peşəkar jurnalistlərin böyük bir nəslinin formalaşmasında əvəzsiz rolundan danışıb. Nəsir İmanquliyevin özünəməxsus mühazirələri ilə bağlı tələbəlik xatirələrini bölüşən natiq jurnalistikanın, jurnalist etikasının təməl prinsipləri ilə əlaqədar onun söylədiklərinin bu gün də aktual olduğunu vurğulayıb.

Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist Nəsir İmanquliyevin mənəvi keyfiyyətləri barədə danışıb, onu dəyərli alim-pedaqoq, peşəkar redaktor, ictimai-siyasi xadim, həmçinin zamanın nəbzini tutan publisist kimi xarakterizə edib.

Fakültənin dekanı Vüqar Əliyev Nəsir İmanquliyevin yalnız Jurnalistika fakültəsi üçün deyil, ümumiyyətlə Azərbaycan jurnalistikası üçün unudulmaz ustad olduğunu vurğulayıb. Vüqar Əliyev Nəsir İmanquliyevin çətin, keşməkeşli, lakin şərəfli ömür yolundan bəhs edib, bu gün də Azərbaycan jurnalistikasının Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Famil Mehdi, Şirməmməd Hüseynov kimi ustadlardan bəhrələndiyini deyib.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024