​BDU-da professor Qafar Əfəndiyevin 100 illik yubileyi qeyd olunub

24/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Azərbaycanda fiziki elektronika məktəbinin əsasını qoymuş görkəmli alim, professor Qafar Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun 105 illik yubileyi ərəfəsində Universitetin tarixinə çevrilmiş şəxsləri xatırlamağın və gənc nəslə tanıtmağın vacibliyini qeyd edib. Rektor, həmçinin, Qafar Əfəndiyev kimi şəxsiyyətlərin adının əbədiləşdirilməsi üçün addımlar atılmalı olduğunu bildirib. O, Qafar Əfəndiyevlə bağlı tələbəlik illərinə aid xatirələrini bölüşüb, onu tələbkar, qayğıkeş müəllim kimi xatırladığını diqqətə çatdırıb.

Fakültə dekanı Bəxtiyar Paşayev BDU-da Fiziki elektronika kafedrasının yaranmasının professor Qafar Əfəndiyevin adı ilə bağlı olduğunu deyib. Tanınmış alim uzun illər bu kafedraya rəhbərlik edib, ölkədə fizika sahəsində yüksəkixtisaslı kadrların yetişməsində böyük xidmətlər göstərib.
Fakültənin III kurs tələbəsi Aytac Rəsulova Qafar Əfəndiyevin tərcümeyi-halı haqqında məlumat verib. Sonra Qafar Əfəndiyevə həsr olunmuş videoçarx nümayiş olunub.

Fiziki elektronika kafedrasının müdiri Əhməd Abdinov Qafar Əfəndiyevin elmi-pedaqoji fəaliyyəti barədə məruzə edib. O, keçən əsrin 50-ci illərindən başlayaraq akademik Həsən Abdullayevlə birgə Qafar Əfəndiyevin təşəbbüsü ilə Azərbaycanda yarımkeçiricilər fizikası istiqamətində tədqiqatlara başlanıldığını, bunun nəticəsi kimi keçmiş SSRİ-də ikinci Yarımkeçiricilər fizikası laboratoriyasının BDU-da yaradıldığını qeyd edib. Bildirib ki, sonralar Qafar Əfəndiyevin dəstəyi, təşəbbüsü ilə BDU-nun Fizika fakültəsinin sonuncu kurs tələbələri, məzunları keçmiş SSRİ-nin bir çox aparıcı elm və təhsil mərkəzlərində diplom işi yerinə yetirmək, aspiranturada təhsil almaq və tədqiqatlar aparmaq üçün göndərilib. Məhz həmin kadrlar sonradan BDU-da fiziki elektronika üzrə elmi məktəbin formalaşmasında və Fiziki elektronika kafedrasının təşəkkül tapmasında yaxından iştirak ediblər.

Tədbirdə çıxış edən Optika və molekulyar fizika kafedrasının professoru Niftalı Qocayev, Maddə quruluşu kafedrasının müdiri Eldar Məsimov, Yarımkeçiricilər fizikası kafedrasının müdiri Vaqif Salmanov, Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasının Fizika kafedrasının müdiri Müsavər Musayev belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edərək, Qafar Əfəndiyevin Azərbaycan elmi və təhsili qarşısında göstərdiyi xidmətlərdən danışıb, onunla bağlı xatirələrini söyləyiblər.

Sonda Qafar Əfəndiyevin qızı, Maddə quruluşu kafedrasının professoru Sacidə Əbdülvahabova tədbirin təşkilinə görə BDU-nun və fakültənin rəhbərliyinə təşəkkür edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024