BDU-da psixologiya klubunun açılışı oldu

14/11/2014

Klubda “Düşünən qələm” müsabiqəsinə start verildi.

12 noyabrda Bakı Dövlət Universitetində “Psixologiya klubunun”  növbəti mövsümünün açılış tədbiri baş tutub.  Tədbirdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı komitəsinin (BDU THİK) sədr müavini İlkin Şərifov, Sosial elmlər və psixologiya fakültəsi üzrə Tələbə Həmkarlar Təşkilatının sədri Əlif Əlifzadə, Psixologiya və Konsultasiya mərkəzinin əməkdaşı Fəridə Qasımova, “Psixologiya klubunun” rəhbəri  Çinarə Teymurzadə və klubun üzvləri iştirak ediblər.

BDU THİK sədr müavini tədbir iştirakçılarını salamlayıb komitənin sədri Daşqın Qənbərovun da salamlarını çatdıraraq klubun fəaliyyətini yüksək dəyərləndirib:

“Bakı Dövlət Universitetində tələbələrimiz üçün müxtəlif klublar fəaliyyət göstərir. Onların arasında “Psixologiya klubunu” xüsusilə vurğulamaq istərdim. Son zamanlar bizim gördüklərimiz bu sahənin gənclər üçün nə dərəcədə önəmli və lazımlı olduğunu sübut edir. Ümumiyyətlə, dünyada, o cümlədən bizim ölkədə də son illər psixoloji problemlər artıb. Bu gün bizim üçün aktual olan problemlər var və bunların həll olunması sizlərdən, gənc psixoloqlardan da asılıdır. Sabahın psixoloqları özlərinə doğru qiymət verərək sabaha hazırlaşmalıdırlar. “Psixologiya klubunun” universitetimizdə mövcud olması tələbələrin asudə vaxtlarını öz ixtisaslarından ayrılmadan səmərəli keçirmələri baxımından əvəzedilməzdir. Bundan sonra da Tələbə Həmkarlar İttifaqı Komitəsi hər zaman tələbələrin təşəbbüslərinə dəstək verməyə hazırdır”, - deyə, İlkin Şərifov çıxışında qeyd edib.

Daha sonra “Psixologiya klubunun” rəhbəri Çinarə Teymurzadə çıxış edərək start götürən “Düşünən qələm “ adlı yeni yazı müsabiqəsi barədə məlumat verib:

“Düşünən qələm” müsabiqəsi Psixologiya və Konsultasiya mərkəzi, BDU THİK və Azərbaycanda psixologiya haqqında ilk peşəkar jurnal olan “Düşüncə” jurnalının birgə layihəsidir. Müsabiqəyə “Şizofreniya” mövzusunda 3 istiqamət üzrə məqalələr qəbul olunacaq. Bura xəstəlik və xəstənin psixologiyası haqqında məqalələr, ailəsində şizofren olan fərdlərin psixologiyası və xəstənin psixologiyasını əks etdirən bədii yazılar, esselər, şeirlər, hekayələr daxildir. Hər kəsi bu müsabiqədə aktiv iştirak etməyə dəvət edirik”, - deyə, Çinarə Teymurzadə bildirib.

Qeyd edək ki, “Düşünən qələm” müsabiqəsinin qaliblərinə Psixologiya və Konsultasiya mərkəzinin sertifikat və hədiyyələri, eyni zamanda, mərkəzdə tədris edilən kurslarda iştirak üçün 200 azn məbləğində kuponlar veriləcək. Müsabiqənin son qeydiyyat tarixi  dekabrın 20-sidir.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı komitəsinin dəstəyilə artıq ikinci ildir ki, fəaliyyət göstərən “Psixologiya klubunda” bu sahəyə  marağı olan BDU tələbələri üçün zaman-zaman müxtəlif tədbir və müsabiqələr təşkil olunur.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri, Rəşid Mustafazadə.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024