BDU-da Qarabağ ruhu

02/11/2020

Qarabağlı fəxrlərimizin ruhu şad olur

6-cı yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

Altıncı yazımız Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, akademik Tofiq İsmayıl oğlu Hacıyevlə bağlıdır.

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilmişdir. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görmüşdür. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak etmişdir. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görmüşdür.

"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak etmişdir. "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görmüş, "Satira dili" (1975), "Yazıçı dili və ideya-bədii təhlil" (1979), "Molla Nəsrəddin"in dili və üslubu" (1983), "Füzuli: dil sənətkarlığı" (1994) kitabları çap olunmuşdur. Orta məktəblər üçün "Türk dili" (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), "Türk dili" (X-XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilmişdir. 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görmüş, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirmişdir. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr etmişdir. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxumuşdur.

Akademikin elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar mühüm yer tutmuşdur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Bakı Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri "Dədə Qorqud" seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratmışdır. "Azərbaycan ədəbi dili tarixi" (1976) kitabında "Kitabi-Dədə Qorqud"dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil vermişdir.

Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2009-cu il 30 oktyabrda “Şöhrət” ordeni ilə təltif edilmişdir.

2015-ci il 27 noyabrda yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi gün uzaqda deyil, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Tofiq Hacıyevin dünyaya göz açdığı Cəbrayıl şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024