BDU-da Qarabağ ruhu

02/12/2020

Qarabağlı fəxrlərimizin ruhu şad olur

28-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

İyirmi səkkizinci yazımız 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı olmuş Kamilə Qiyas qızı Sarıcalinskaya ilə bağlıdır.

Kamilə Sarıcalinskaya 22 oktyabr 1926-cı ildə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuşdur. 1944-1950-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1949-cu ildə hələ tələbə olarkən BDU-nun Cinayət hüququ kafedrasının laborantı vəzifəsindən başlamış, Universitetdə oxuduğu dövrdə, Moskva Hüquq Universitetinin nəzdində ekspert-kriminalistlər hazırlayan elmi-tədqiqat laboratoriyasına bir illik kursa göndərilmişdir. 1950-ci ildən Cinayət hüququ kafedrasının müəllimi olmuş, sonra pedaqoji fəaliyyətini Cinayət prosesi kafedrasında davam etdirmişdir. 1957-ci ilin yanvarından 1960-cı ilə qədər Bakı Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Laboratoriyasına baş ekspert təyin olunmuş və 1957-ci ildə SSRİ Ədliyyə Nazirliyi nəzdində ekspert-kriminalist ixtisası üzrə əlavə hazırlıq kurslarını keçmişdir. 1960-cı ildən BDU-nun Cinayət prosesi kafedrasında pedaqoji fəaliyyətini davam etdirmiş, 1960-1963-cü illərdə BDU-nun əyani aspiranturasında təhsil almış, 1967-ci ildə "Azərbaycan SSR istintaq və məhkəmə təcrübəsində yazının kriminalistik ekspertizası" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək həmin kafedranın dosenti olmuşdur. Zaqafqaziyada kriminalistika ixtisası üzrə alimlik dərəcəsi almış ilk qadın olub.

1979-cu ildən 1992-ci ilə qədər alimin təşəbbüsü və təşkilatçılığı ilə yeni yaradılan Kriminalistika və məhkəmə ekspertizası kafedrasına rəhbərlik etmişdir. 2003-2007-ci illərdə Hüquq fakültəsinin dekanı olmuşdur.

Elmi fəaliyyəti əsasən kriminalistik texnikanın ayrı-ayrı problemlərinin tədqiqinə həsr edilmişdir. 10-a yaxın dərslik, dərs vəsaiti, metodik göstəriş, monoqrafiya və 50-dən çox elmi məqalələrin müəllifidir, respublikada və xaricdə keçirilmiş müxtəlif konfrans və elmi seminarlarda iştirak etmişdir. BDU-nun Elmi Şurasının qərarı ilə ona uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq professor elmi adı verilmişdir.

BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən “Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ” və “Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti” ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavini olmuşdur. Onun rəhbərliyi altında 10 nəfərə qədər tədqiqatçı hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.

BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, “Antinarkotizm” Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının, “Azərbaycan Hüquq jurnalı”, “Dirçəliş- XXI əsr”, “Qanun”, “Antinarkotizm”, “Hüquq + Gənclik” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. Hüquq sahəsində fəaliyyətlərinə görə Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin mükafatlarına, "Əməkdar hüquqşünas" fəxri adına layiq görülüb.

Kamilə Sarıcalinskaya 2012-ci ildə vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Kamilə Sarıcalinskayanın dünyaya göz açdığı Ağdam şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024