BDU-da Qarabağ ruhu

20/11/2020

 

Qarabağlı fəxrlərimizin ruhu şad olur

21-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

İyirmi birinci  yazımız 1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin dekanı olmuş Tofiq Surxay oğlu Şahsuvarovla bağlıdır.

Tofiq Şahsuvarov 1929-cu ildə Laçın şəhərində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirmişdir. 1948-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olaraq tələbə adını qazanmışdır. 1953-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, 1954-cü ildə Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır. 1954-1957-ci illərdə Tofiq Şahsuvarov mühazirə assistenti kimi çalışmışdır. 1957-ci il namizədlik dissertasiyasını müdafiə etmiş, 1960-cı il dosent elmi dərəcəsini almışdır. 1967-ci il doktorluq dissertasiyasını müdafiə etmiş, Geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1986-1992-ci illə Geoloji-coğrafiya fakültəsinin dekanı vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən 2009-ilə qədər Tofiq Şahsuvarov Bakı Dövlət Universitetinin Ümumi geologiya kafedrasının professoru olmuşdur.

Alim qeyri-antiklinikal yataqların mümkün ola biləcəyi qeyri-struktur tələlərin aşkar edilməsi məqsədi ilə paleocoğrafi kəmiyyət analiz üsulunu işləyib hazırlamışdır. Kompensasiya profilləri, blok-diaqramların tərtibatından ibarət olan kompleks metodika, həmçinin qeyri-struktur neft və qaz tələlərinin bağlı ola biləcəyi layların mümkün pazlaşma zonalarını müəyyən etmək məqsədilə tərtib edilmiş qrafik materiallar üzrə kəmiyyət təhlilinin aparılmasını təklif etmişdir. 50-yə yaxın elmi məqalə və metodik vəsaitin müəllifidir. 3 elmlər namizədi hazırlamışdır.

Tofiq Şahsuvarov 2009-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi alimin ruhunu şad etmişdir, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Tofiq Şahsuvarovun dünyaya göz açdığı Laçın şəhərində ən hündür nöqtəyə sancacağı gün isə uzaqda deyil!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024