BDU-da “Qarabağ zəfəri Heydər Əliyev siyasətinin nəticəsidir” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetində 44 günlük Vətən Müharibəsindəki qələbəmizə həsr olunmuş silsilə tədbirlər keçirilir. 2021-ci il 24 may tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix, Geologiya, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə “Qarabağ zəfəri Heydər Əliyev siyasətinin nəticəsidir” adlı növbəti tədbir təşkil olunub.
BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin istər 1969-1982-ci illər, istərsə də 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin inkişafında əvəzolunmaz xidmətlərindən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafından söz açıb.
Sonra məruzə ilə çıxış edən BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisinin üzvü, professor Anar İsgəndərov Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdə ölkəmizin aqrar ölkədən sənaye ölkəsinə çevrilməsindən, 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiyasının qəbulu zamanı Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasındakı rolundan bəhs edib. 1993-2003-cü illərdə Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə istər iqtisadiyyatın, istər hərbi sənayenin inkişafındakı rolundan söz açıb. 2003-cü ildən Prezidentimiz İlham Əliyevin Heydər Əliyevin layqli davamçısı olaraq Azərbaycanın daha da qüdrətləndirilməsi və nəhayət ərazi bütövlüyünün təmin edilməsindəki misilsiz xidmətlərindən danışıb. Anar İsgəndərov 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbənin Ulu Öndər Heydər Əliyevin siyasi dühası ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi səriştəsinin səsləşməsinin nəticəsi olduğunu bildirib.
Tədbirin sonunda iştiakçıların sualları cavablandırılıb.