BDU-da “Qarabağın alban-qıpçaq abidələri” mövzusunda elmi seminar

21/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrası və BDU-nun tarixi muzeyinin birgə təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Qarabağın alban-qıpçaq abidələri” adlı elmi seminar keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti, doktorant və magistrantları iştirak ediblər.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova Qarabağın alban-qıpçaq abidələri ilə bağlı son elmi araşdırmaların əhəmiyyəti haqqında qısa məlumat verib. Keçirilən bu tip elmi tədbirlərin gənc tədqiqatçı və magistrantların elmi fəaliyyətini stimullaşdırdığını, onları Tarix fakültəsinin təcrübəli müəllimlərinin son elmi tədqiqatları haqqında məlumatlandırdığını bildirib.

Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov “Qarabağın alban-qıpçaq abidələri” mövzusunda geniş məruzə edib. Bildirib ki, müxtəlif dövrlərdə albanşünaslıq sahəsində aparılmış bəzi tədqiqatlarda məqsədyönlü şəkildə ciddi saxtakarlıqlara yol verilib və bu istiqamətdə yazılan əsərlərin bir çoxu tarixi gerçəkliyi əks etdirmir. Tarixi mənbələrin heç birində qədim Albaniya dövlətininin adının qarşısında “Qafqaz” sözü olmadığı halda, həm Rusiya imperiyası, həm də SSRİ dövründə tarixşünaslıqda qəsdən bu dövlətin adının Qafqaz Albaniyası olaraq təqdim edilməsinə başlanıılıb. Digər mühüm məsələ Albaniya tarixi ilə bağlı araşdırmalarda “xristiandırsa, türk deyil” prinsipinin əsas tutulması olub. Bu yanlış məntiq min ildən artıq mövcud olan Albaniya dövlətinin tarixi ilə bağlı həqiqətin üzə çıxalımasına mane olub. Xüsusilə bu cür saxtakarlıqlara Qarabağ ərazisində mövcud olmuş Gəncəsər monastrı, Xudavəng monastr kompleksi, Ağoğlan məbədi və s. alban-xristian abidələrinə qarşı münasibətdə yol verilib.
Seminar Azərbaycan Milli Kitabxanasının əməkdaşı Elnur Nəciyevin “Qarabağın alban-qıpçaq tarixinə dair”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Güntəkin Nəcəflinin “Azərbaycan alban-xristian irsinin saxtalaşdırılmasına qarşı dəyərli tədqiqat” mövzusunda məruzələri ilə davam edib.

Qeyd edək ki, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi layihə əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyi və Azərbaycan Tarixçiləri İctimai Birliyinin dəstəyi ilə Ramin Əlizadə və Elnur Nəciyevin müəllifi olduğu “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitab nəşr olunub (akademik Yaqub Mahmudov həmin əsərin ön söz müəllifidir).

Elmi seminar auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi iştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Sonda “Qarabağın alban-qıpçaq tarixinə dair” kitabı iştirakçılara hədiyyə olunub.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024