BDU-da “Qlobal Hult Prize” müsabiqəsinin final mərhələsi keçirilib
Bakı Dövlət Universitetində Qlobal Hult Prize müsabiqəsinin final mərhələsi keçirilib.
Tədbir BDU-nun SABAH qruplarının dekanı İradə Süleymanovanın dəstəyi ilə bu ali təhsil mərkəzində ikinci dəfə baş tutur.
Hult Prize Fondunun təsisçisi və icraçı direktoru Əhməd Aşkar bildirib ki, müsabiqədə 2009-cu ildən dünyanın ən çətin məsələlərini həll etmək üçün müxtəlif dövlətlərdən istedadlı gənclər yarışırlar. 2019-cu ildə isə bu müsabiqənin əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının 7, 8 və 9-cu Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq gənclərin işsizlik problemininin həll olunmasına yönəldilib . BDU-nun tələbələrindən ibarət 17 komanda qarşıya qoyulmuş qlobal sosial məsələlərə əlverişli həll tapmaq istiqamətində fikir mübadiləsi aparıblar. Sonda 68 iştirakçı sertifikata layiq görülüb, “First Step” komandası isə birincilik qazanıb.
Tədbirdə hakim qismində - “Human Foundation” ın təsisçisi Fəridə Əsgərzadə, Dərs Evi şirkətinin Biznes inkişafı üzrə meneceri Toğrul Ələkbər, Azərbaycan-Britaniya məzunları İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Məhərrəmov, Milli Məclis Aparatının məsləhətçisi Günay Əkbərova və məsləhətçi qismində Horizon Next şirkətinin təsisçisi Rəşid Əliyev, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Tural Qulu, Bakı Dövlət Universitetinin müəllimləri - Təhminə Balacayeva və Günay Muxtar təmsil olunublar.
Qeyd edək ki, finala çıxan iştirakçılar 7 həftəlik sürətləndirmə proqramında və 2019-cu il sentyabr ayında ABŞ-ın Nyu York şəhərinin ev sahibliyi edəcəyi Qlobal finalda iştirak hüququ qazanıblar. ABŞ-da keçiriləcək final mərhələsində qalib olacaq komanda bir milyondollar pul mükafatı qazanacaq.
Dünyanı daha yaxşıya doğru dəyişən beş ən yaxşı ideyadan biri kimi qəbul olunan “Qlobal Hult Prize “müsabiqəsi Azərbaycanda “Baku IdeaLab”ın təşkilati dəstəyi və “Human Foundation”in baş sponsorluğu ilə keçirilir.
Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2018-ci il.