BDU-da “Şərq ülkəri” adlı ədəbi məclis yaradılıb

24/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi, Elmi Kitabxanası və Azərbaycan Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Şərq ülkəri” adlı ədəbi məclis yaradılıb.

Dahi Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyi ilə əlaqədar yaradılmış ədəbi məclisin açılışı BDU-nun Şərqşünaslıq fakültəsində keçirilib.

Tədbiri açıq elan edən Elmi Kitabxananın baş biblioqrafı, “AMİN” İctimai Birliyinin sədri Məcid Heydərli (Seyyid Əsri) bildirib ki, bu təşəbbüs Seyid Əzim Şirvaninin “Beytüs-Səfa” ədəbi məclisinin sədri kimi gənc ədiblərin yetişdirilməsi istiqamətində apardığı fəaliyyətin müasir dövrdə davamıdır. O, “Şərq ülkəri”nin ali təhsil müəssisələrində ilk ədəbi məclis kimi fəaliyyətə başladığını vurğulayıb.

Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Tərlan Məlikov çıxışında layihə çərçivəsində şair və nasir tələbələrin kitab təqdimatlarının keçirilməsinin gənclər üçün mühüm həvəsləndirici amil olacağını qeyd edib. O, bu təşəbbüsün eyni zamanda bədii tərcümə sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsinə töhfə verəcəyini bildirib.

Fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə bu kimi bədii tədbirlərin tələbələrin bədii zövqünün formalaşmasına təsir etdiyini diqqətə çatdırıb.

BDU Elmi Kitabxanasının direktor müavini Nuridə Miriyeva Elmi Kitabxana ilə “AMİN” İctimai Birliyi tərəfindən birgə təşkil olunan tədbirlərin daim böyük maraqla qarşılandığını bildirib. O, “Şərq ülkəri” layihəsinin gənc tələbələrin kitabxana fondunda qorunan nadir nəşrlərə marağının artmasında önəmini vurğulayıb.

Tədbirdə BDU tələbələri Qüdrət Yusifli, Əsgər Babayev, Royal Səfərov, Aydan Əhdi, Selcan Təvvabi, İmran Səbri, Nofəl Arazi, Hüseyn Təhməzzadə və universitetin məzunu Əkbər Türbəndəyev əruz və heca vəznində qələmə aldıqları şeirləri səsləndiriblər. Gənc yazarların klassik ədəbiyyatdan gələn təxəllüs ənənəsini davam etdirməsi iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Xəbərlər

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib
25/12/2025

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
25/12/2025

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar
25/12/2025