BDU-da İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

28/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrası tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “İrəvan Müəllimlər Seminariyası: Tarixilik və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib.

Əvvəlcə İrəvan Müəllimlər Seminariyasının tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov İrəvan Müəllimlər Seminariyasının Azərbaycanın təhsil tarixində rolu, konfransın əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri olub. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşıb. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin əhəmiyyətli rolu olub. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət alıb. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.

Pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov isə bildirib ki, 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazıb.

BDU-nun professoru Hikmət Əlizadə, professor əvəzi Məcid İsmixanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları Rüfət Hüseynzadə, Həsən Bayramov, İramin İsayev çıxışlarında İrəvan Müəllimlər Seminariyasının Azərbaycanın maarifçilik tarixində xüsusi əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olub. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var.

Konfrans 5 bölmə üzrə işini davam etdirib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024