BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Azərbaycanda sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev kiçik və orta sahibkarlığın inkişafına yönəldilmiş dövlət investisiyalarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, son illər həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda sahibkarlığın inkişafına təkan verib, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığın rolunu artırıb. Bununla yanaşı, ölkədə keyfiyyətli məhsul bolluğunun yaradılması, rəqabətə davamlı istehsal sahələrinin inkişafı və əhalinin məşğulluğunun təmin olunması üçün sahibkarlığın daha sürətlə inkişafına ehtiyac var.
Daha sonra İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Nuranə Əliyevanın mövzu ilə bağlı məruzəsi dinlənilib. O, müasir dövrdə dövlət investisiyalarının sahibkarlığın inkişafına təsiri barədə geniş məlumat verib. Tədqiqat çərçivəsində müxtəlif sahibkarlıq subyektlərinə dövlət investisiyalarının qoyuluşunun onların inkişafına müsbət təsir göstərməsi və bunun elmi üsullarla müəyyən edilməsi məqsədi ilə reqressiya, korrelyasiya və digər kəmiyyət metodlarından istifadə olunduğu qeyd olunub. Kiçik və orta sahibkarlığın inkişafının regional xüsusiyyətlərinin təhlil olunduğu, eləcə də investisiyaların səmərəliliyinə təsir edən daxili və xarici amillərin qiymətləndirildiyi diqqətə çatdırılıb, sahibkarlıq mühitində dövlətin investisiya yönümlü fəaliyyətinin əhəmiyyəti, bu investisiyaların iqtisadi artıma təsiri və onların səmərəliliyinin qiymətləndirilməsi metodları izah edilib.
Seminarda professorlar Məqsəd Qocamanov, Çingiz İsmayılov, Aydın İbrahimov coğrafiya elmləri doktoru Şəkər Məmmədova tədqiqat mövzusunun aktual, metodik yanaşmanın isə innovativ olduğunu vurğulayıb, bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsini tövsiyə ediblər.


