BDU-da sənəd və informasiya menecmentinə dair Beynəlxalq elmi konfrans keçirilir

08/12/2022

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 illiyinə həsr olunmuş “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir. Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyev misilsiz ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ölkəmizdə elm, təhsil, mədəniyyətin inkişafına əvəzsiz töhfələr verib. Rektor vurğulayıb ki, Ümummilli liderin qayğısı ilə əhatə olunan sahələrdən biri də kitabxana-informasiya fəaliyyətidir: “Ulu öndər hələ sovet dövründə Respublikamıza rəhbərlik etdiyi illərdə kitabxana işinə yüksək qiymət verib, bu sahənin inkişafı üçün mühüm addımlar atıb. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sahənin inkişafı ilə bağlı həyata keçirdiyi uğurlu siyasət dövlətimizin kitabxanaçı peşəsinə verdiyi yüksək qiymətin bariz nümunəsidir”.

Rektor ölkə əhalisinin informasiya təminatının ödənilməsində, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında aparıcı mövqeyə malik olan Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tarixi, formalaşması, bu günü və perspektivlərindən bəhs edib. Bildirib ki, 1947/1948-ci tədris ilində BDU-nun Filologiya fakültəsinin tərkibində şöbə kimi fəaliyyətə başlayan kitabxanaçılıq ixtisası 1962-ci ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Elçin Babayev vurğulayıb ki, bu gün kitabxana-informasiya fəaliyyəti sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağımızda dağıdılmış kitabxana infrastrukturunun bərpasında iştirak etməkdir: “Bu mənada hesab edirəm ki, Kitabxanaçılıq-informasiya fakültəsinin məzunlarının üzərinə böyük məsuliyyət düşür”. Elçin Babayev fakültənin kollektivini, tələbə və məzunlarını yubiley münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.

Konfransın plenar iclasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Respublikasının Kastamonu Universitetinin İnformasiya və məlumatların idarəolounması fakültəsinin dekanı, professor Hasan Kəsəroğlu, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor İbrahim Yoldaşov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzininin direktoru Samir Abbasov, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teshabayeva, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı, tədqiqatçı kitabxanaşünas Lemounes Nour El Houda Djoumana çıxış edərək sənəd və informasiya menecmenti, kitabxana-informasiya fəaliyyəti sahəsindəki prioritet məsələlərdən bəhs ediblər. Plenar iclasda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Kitabxanaçılıq-informasiya fakültəsi: ənənədən müasirliyə” mövzusunda məruzə edib. Plenar iclasın sonunda Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxış edərək tədbirin yüksək səviyyədə təşkilatçılığı üçün BDU rəhbərliyinə, qonaqlara, iştirakçılara fakültənin kollektivi və tələbələri adından minnətdarlığını bildirib.
Yekunda Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illiyi münasibətilə əməkdaşlara BDU rektorluğunun və Həmkarlar İttifaqı Komitəsinin təltifləri təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirir. Sabah başa çatacaq konfransda ümumilikdə 40-a yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir
09/10/2024