BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır
Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) birgə əməkdaşlığı çərçivəsində BDU-da “TEKNOFEST klubu” yaradılır.
Bununla bağlı BDU-nun Elmi Şurası qərar qəbul edib.
BDU rektoru Elçin Babayev Universitet komandalarının son illərdə dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan TEKNOFEST-də ciddi uğurlara imza atdığını bildirib. O qeyd edib ki, T3 Fondu ilə əməkdaşlığın dərinləşdirilməsi və “TEKNOFEST klubu”nun yaradılması bu yarışlara hazırlaşacaq BDU tələbələrinə dəstəyin göstərilməsi, tələbələrdə texnologiyaya marağın artırılması, rəqəmsal bacarıqların inkişafı, innovasiya və startap mədəniyyətinin təşviqi, T3 və TEKNOFEST ekosisteminə inteqrasiya, Türkiyədə müvafiq qurumlarla elm və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsi, BDU-nun innovasiya yönümlü strategiyasının dəstəklənməsi məqsədini daşıyır.
T3 Fondu ilə əməkdaşlıq çərçivəsində tələbələrin texnologiya, mühəndislik və elmi araşdırmalara olan marağının artırılması hədəflənir. Klub tələbələrin rəqəmsal texnologiyalar, proqramlaşdırma, süni intellekt, robototexnika və digər sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək üçün təlim və layihələr təşkil edəcək. Tələbələr T3 Fondunun təşəbbüslərində, o cümlədən TEKNOFEST və digər beynəlxalq müsabiqələrdə iştirak imkanı əldə edəcəklər. Klub vasitəsilə BDU və T3 Fondu arasında davamlı əməkdaşlıq qurularaq, birgə layihələrin, mübadilə proqramlarının və elmi tədbirlərin həyata keçirilməsi təşviq olunacaq. “TEKNOFEST klubu” Universitetin strateji hədəfləri ilə uzlaşaraq, gənclərin gələcəyin tələblərinə uyğun hazırlanmasına xidmət edəcək.
T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru Ahmet Köse çıxışında Fondun fəaliyyət istiqamətləri barədə məlumat verib, BDU ilə əməkdaşlığın ölkəmizdə elm və texnologiyanın daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib, yeni yaranan klubun fəaliyyətinə uğurlar arzulayıb.