BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim

29/04/2026

Bakı Dövlət Universitetində (BDU) tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim keçirilib.

Süni intellektin dəstəyi ilə tədqiqat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş bu platforma elmi fəaliyyətin daha səmərəli təşkili, əməkdaşlığın gücləndirilməsi və məlumat əsaslı innovasiyaların inkişafını hədəfləyir.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov müasir elmi mühitdə “Elsevier” kimi beynəlxalq elmi-informasiya resurslarının əhəmiyyətindən danışıb. O qeyd edib ki, qlobal elmi bazalara çıxış, düzgün analitik alətlərdən istifadə və tədqiqat nəticələrinin beynəlxalq səviyyədə tanınmasının artırılması universitetlərin rəqabət qabiliyyətinin əsas göstəricilərindəndir. Bu baxımdan “Elsevier” platformaları tədqiqatçıların elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, sitat indekslərinin artırılması və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi üçün mühüm imkanlar yaradır.

Təlim “Elsevier” şirkətinin meneceri Saide Sak tərəfindən aparılıb. Sessiyada professor-müəllim heyəti, gənc tədqiqatçılar və doktorantlar iştirak edərək müasir rəqəmsal alətlərin tədqiqat prosesinə inteqrasiyası ilə yaxından tanış olublar. Təlim çərçivəsində “LeapSpace” platformasının funksional imkanları praktiki nümunələr əsasında izah edilib, layihələrin idarə olunmasının optimallaşdırılması, inkişaf etmiş analitik imkanlar və effektiv elmi əməkdaşlıq mexanizmləri nümayiş etdirilib. İştirakçılara platformanın tədqiqatın bütün mərhələlərini — ideyanın formalaşdırılması, məlumatların toplanması və təhlili, nəticələrin nəşri və yayılması proseslərini necə dəstəklədiyi əyani şəkildə təqdim olunub.

Təlim zamanı elmi ədəbiyyatın axtarışı və təhlili üzrə qabaqcıl üsullar, tədqiqat boşluqlarının müəyyənləşdirilməsi və innovativ ideyaların formalaşdırılması, maliyyələşmə və beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması, süni intellekt əsaslı yanaşmalarla tənqidi düşünmə bacarıqlarının inkişafı, elmi nəşrlərin performansının izlənməsi və sitat göstəricilərinin təhlili kimi vacib mövzular geniş şəkildə müzakirə olunub. İnteraktiv formatda keçirilən sessiya iştirakçıların suallarının cavablandırılmasına və fərdi tədqiqat istiqamətlərinə uyğun yanaşmaların müzakirəsinə imkan verib.

Qeyd olunub ki, “LeapSpace” kimi innovativ platformaların tətbiqi tədqiqat proseslərinin sadələşdirilməsinə, elmi məhsuldarlığın artırılmasına və fənlərarası əməkdaşlığın gücləndirilməsinə xidmət edir. İştirakçılar platformanın praktik əhəmiyyətini yüksək qiymətləndirərək onun gündəlik elmi fəaliyyətlərdə geniş tətbiq imkanlarını vurğulayıblar.

BDU-da təşkil olunan bu təşəbbüs ali təhsil müəssisəsində elmi mükəmməlliyin inkişafı və rəqəmsal transformasiyanın təşviqi istiqamətində atılan mühüm addımlardan biridir. Universitet tədqiqatçılarının qlobal elmi mühitə inteqrasiyasını gücləndirmək, onların beynəlxalq elmi platformalarda aktivliyini artırmaq və rəqabət qabiliyyətini yüksəltmək əsas prioritetlərdən biri kimi diqqətdə saxlanılır.

Təlim çərçivəsində tədqiqatçılar üçün əlavə sessiyalar da təşkil olunacaq. Bu isə Universitetdə daha güclü, əlaqəli və innovativ elmi ekosistemin formalaşmasına mühüm töhfə verəcək.

 

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”  

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”
29/04/2026

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim
29/04/2026

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib
29/04/2026