BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır

01/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Ətirli yovşan (Artemisia lerchiana Web.) bitkisi vasitəsilə alınan metal nanohissəciklərin fiziki-kimyəvi xüsusiyyətlərinin tədqiqi” mövzusunda elmi seminar keçirilib. Biofizika və biokimya kafedrasının doktorantı Günay Həsənova mövzu ilə bağlı məruzə edib.

Məruzədə bildirilib ki, aparılmış tədqiqat çərçivəsində ətrili yovşan bitkisinin ekstraktı vasitəsilə gümüş (Ag) və sink (Zn) nanohissəcikləri ekoloji cəhətdən təhlükəsiz “yaşıl sintez” üsulu ilə əldə olunub və onların fiziki-kimyəvi xüsusiyyətləri kompleks şəkildə öyrənilib. Tədqiqatın əsas məqsədinin sintez olunmuş nanomaterialların struktur, optik, morfoloji və elektrokimyəvi xüsusiyyətlərini müəyyən etmək olduğu qeyd edilib.

Araşdırma zamanı nanohissəciklərin tədqiqi üçün UV–Vis spektroskopiyası, FTIR analizi, rentgen difraksiyası (XRD), elektron mikroskopiya (TEM və SEM), atom qüvvə mikroskopiyası (AFM), termal analizlər (TGA–DTA), EDX element analizi, zeta potensial və hissəcik ölçü analizi, eləcə də elektrokimyəvi metodlar — CV, GCD və EIS kimi müasir analitik üsullardan istifadə olunub.

Təqdim olunan nəticələr göstərib ki, sintez olunmuş nanohissəciklər nanoölçülü diapazonda formalaşıb və stabil fiziki-kimyəvi xüsusiyyətlərə malikdir. TEM analizinə əsasən, gümüş nanohissəciklərin ölçüsünün 4–19 nm, sink nanohissəciklərin isə təxminən 50 nm olduğu müəyyən edilib. SEM nəticələri isə müvafiq olaraq Ag üçün 25–50 nm, Zn üçün isə 50–70 nm ölçü diapazonunu ortaya qoyub.

Seminarda qeyd olunub ki, elektrokimyəvi analizlər əldə olunan materialların yüksək aktivliyə və aşağı daxili müqavimətə malik olduğunu göstərir. Bu isə həmin nanomaterialların enerji saxlama sistemləri, sensor texnologiyaları və katalitik proseslər kimi müxtəlif sahələrdə tətbiq potensialını artırır.

Vurğulanıb ki, tədqiqatın nəticələri yaşıl sintez metodunun ekoloji baxımdan təhlükəsiz, səmərəli və perspektivli nanomaterialların əldə olunması üçün mühüm yanaşma olduğunu təsdiqləyir. Seminarda yaşıl nanobiotexnologiya, ekoloji təhlükəsiz sintez üsulları və nanomaterialların tətbiq imkanları ətrafında geniş müzakirələr aparılıb.

 

 

Xəbərlər

BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır

BDU-da ətirli yovşan bitkisi vasitəsilə alınan metal nanohissəciklərin xüsusiyyətləri araşdırılır
01/04/2026

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı
31/03/2026

BDU-nun Kimya fakültəsinin aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib

BDU-nun Kimya fakültəsinin aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib
31/03/2026