BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

01/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Mədəni İrsi Araşdırma Mərkəzi ölkəmizin milli-mədəni irsinə aid olan abidələrlə bağlı təqdimatlara başlayıb. Mərkəzin ilk təqdimatı "Sanqaçal karvansarayı - Böyük İpək yolunun unikal abidəsi" mövzusuna həsr olunub.

Tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, Mərkəzin mütəxəssisləri, eləcə də yerli və xarici alimlər iştirak ediblər.

Tədbirin əsas məqsədi orta əsr Azərbaycan tarixinin nadir memarlıq nümunələrindən biri olan Sanqaçal karvansarayı haqqında mövcud elmi məlumatların təqdim edilməsi, təhlili, abidənin hərtərəfli araşdırılması istiqamətlərinin müəyyənləşdirilməsi və onun geniş ictimaiyyət arasında tanıdılması məsələlərinin müzakirəsi olub.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliğinə xüsusi diqqət ayırır. Bu istiqamətdə araşdırmaların sistemli xarakter alması və əldə olunan nəticələrin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə BDU-da Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılıb. Rektor bildirib ki, tarixi əsrlərlə ölçülən mədəni irsimizin araşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan mədəni irs sahəsində elmi-tədqiqat işlərinin aparılması, elmi və elmi-kütləvi məqalələrin hazırlanması mühüm vəzifələr sırasında dayanır. Mərkəzin direktoru, Əməkdar jurnalist Musa Mərcanlı bu sahədə araşdırmaları ilə tanınır. Musa Mərcanlının baş redaktoru olduğu “İrs” jurnalının fəaliyyətini xüsusi qeyd edən rektor onun rəhbərliyi ilə nəşr olunan “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən” və “Şuşa. Zirvədən uca” adlı nəşrlərin Bakı Dövlət Universiteti tərəfindən Dövlət Mükafatına təqdim edildiyini diqqətə çatdırıb.

Mərkəzin direktoru Musa Mərcanlı çıxışında qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, qısa müddət ərzində görülmüş işləri, o cümlədən nəşr edilmiş kitabı və “İrs” jurnalının bir neçə nömrəsini diqqətə çatdırıb. O qeyd edib ki, bu kimi tədbirlər Mərkəzin elmi və ictimai fəaliyyətinin mühüm tərkib hissəsidir.

Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Sanqaçal karvansarayına həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda abidənin tarixi inkişafı, memarlıq xüsusiyyətləri və mühafizəsi ilə bağlı mövcud problemlər ətraflı şəkildə təhlil olunub.

Tədbirdə iştirak edən türkiyəli tarixçi alim, professor İbrahim Ethem Atnur ortaq türk mədəni irsinin öyrənilməsinin əhəmiyyətinə toxunub, Böyük İpək Yolu üzərində yerləşən tarixi abidələrin dərindən araşdırılmasının və beynəlxalq səviyyədə təqdim olunmasının vacibliyini vurğulayıb.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar səsləndirilib və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı karvansarayın yalnız tarixçilər deyil, müxtəlif elm sahələrinin nümayəndələrinin iştirakı ilə kompleks şəkildə araşdırılmasının zəruriliyi qeyd olunub, bu istiqamətdə gələcək addımlar müəyyən edilib.

Sonda Sanqaçal karvansarayına elmi ekskursiyanın təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026