BDU-da “Türkiyə-Azərbaycan birliyinin zəfəri: Davamlı inkişaf və qadın məsələləri” adlı konfrans keçirilib

16/12/2022

Bakı Dövlət Universitetində (BDU) “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi və Türkiyənin Qadın və Demokratiya Dərnəyinin (KADEM) birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan Birliyinin zəfəri: Davamlı inkişaf və qadın məsələləri” adlı konfrans keçirilib.

Konfrans “Türkiyə-Azərbaycan Birliyi: Davamlı inkişaf, yüksək səviyyəli idarəçilik və qadınların səlahiyyətlərinin artırılması ədalətin təminatı kimi” adlı layihə çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu, xalqlarımızı növbəti zəfərlərə apardığını bildirib. Rektor iki qardaş ölkənin Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri müqəddəs missiyada ən yaxın silahdaşlarının məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Türkiyənin birinci xanımı Əminə xanım Ərdoğan olduğunu diqqətə çatdırıb.

Elçin Babayev qeyd edib ki, ölkələrimizdə qadınların cəmiyyətin dayağı olduğu həmişə hiss olunur: “Hər iki ölkədə qadınlar bütün sahələrdə aktiv fəaliyyət göstərirlər. Qərb dövlətləri gender bərabərliyi axtarışındadır. Lakin türk dünyasında belə bir problem yoxdur. Bakı Dövlət Universitetində də qadınlar rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərirlər”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə çıxışında Türkiyə ilə Azərbaycanın  dostluğunun bütün sahələrdə möhkəm təməllər üzərində qurulduğunu bildirib: “30 illik acıdan sonra Azərbaycan hərbi və siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu. Şuşa Bəyannaməsinin imzalanması türk dövlətlərini birləşdirmək üçün atılan addımdır. Bu Bəyannamə Türkiyə-Azərbaycan qardaşlığını, müttəfiqliyini təsdiq edən sənəddir və siyasi iradəmizi əks etdirir”.

Konfransda KADEM-in fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Daha sonra “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri Xəyalə Məmmədova, KADEM-in təmsilçiləri Ümit Atman, Begüm Esra Aytan təmsil etdikləri qurumların fəaliyyəti ilə bağlı məruzə ediblər. Bildirilib ki, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazını yaratmaq, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək məqsədi ilə təsis edilib. Sümeyye xanım Erdoğan Bayraktarın rəhbərlik etdiyi KADEM isə yarandığı gündən qadınların ləyaqətlə yaşaya biləcəyi təhlükəsiz cəmiyyət və ədalətli gələcək qurmaq üçün fəaliyyət göstərib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov “Qadın hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlıq” mövzusunda təqdimatla çıxış edib.

Tədbir bədii hissə ilə yekunlaşıb.


Xəbərlər

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində Universitetdə EkoEnerji Məntəqəsi açılıb

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində Universitetdə EkoEnerji Məntəqəsi açılıb
23/06/2025

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Daxil Vəliyev vəfat edib

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Daxil Vəliyev vəfat edib
21/06/2025

Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU-nun Filologiya fakültəsində

Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU-nun Filologiya fakültəsində
21/06/2025