BDU-da Türkiyənin Kastamonu Universitetinin professoru ustad dərsi keçib

27/04/2021

Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin Bilgi və bəlgə yönətimi fakültəsinin dekanı, professor Hasan Keseroğlu Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün Türk xalqlarının kitab və kitabxana mədəniyyəti fənnindən “Türkiyədə kitabxanaçılıq təhsili” mövzusunda onlayn ustad dərsi keçib.

Professor Hasan Keseroğlu əvvəlcə Türkiyədə kitabxanaların yaranma tarixi barədə məlumat verib, Səlcuklar və Osmanlı dövründə fəaliyyət göstərən vəqf kitabxanaları haqqında danışıb. Türkiyədə bu sahənin Cümhuriyyət dövründə inkişaf etdiyini vurğulayan alim, Mustafa Kamal Atatürk tərəfindən xaricdə təhsil almağa göndərilən ilk tələbələr arasında kitabxanaçılıq təhsili alanların da olduğunu diqqətə çatdırıb. Xaricdə təhsil alan mütəxəssislərdən Fəhmi Ethem Karatayın 1925-ci ildə İstanbula dönərək universitet kitabxanasını qurduğunu, eyni zamanda həmin ildən başlayaraq kitabxanaçılıq təhsili verən kurslar açdığını qeyd edib. Xaricdə təhsil alan ilk mütəxəssislərdən Nabil Buharioğlunun 1925-ci ildə Türkiyə Böyük Millət Məclisinin Kitabxanasını, Adnan Ötükənin isə 1946-cı ildə Türkiyə Milli Kitabxanasını qurduğunu bildirib. Eyni zamanda Adnan Ötükən tərəfindən 1949-cu ildə Türk Kitabxanaçılar Dərnəyinin, 1952-ci ildə isə “Türk Kitabxanaçılığı Dərgisi”nin yaradıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, “Türk Kitabxanaçılığı Dərgisi” hazırda "Web of Science” elmi məlumat bazasında dünyanın nüfuzlu jurnalları sırasında yer alır.

Professor mühazirəsində onu da bildirib ki, Türkiyədə ali kitabxanaçılıq təhsilinə 1954/1955-ci tədris ilindən Ankara Universitetində başlanılıb, 1964-cü ildən İstanbul Universitetində, 1974-cü ildən isə Hacettepe Universitetində ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda isə Türkiyədə Yıldırım Bəyazit, Mərmərə, Kastamonu, İstanbul Mədəniyyət, İzmir Katib Çələbi universitetləri kimi nüfuzlu ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 13 universitetdə kitabxanaçı mütəxəssislər yetişdirilir. O, qeyd edib ki, 29 yanvar 2002-ci ildən YÖK-ün qərarına əsasən ölkədə bütün kitabxanaçılıq və arxivşünaslıq ixtisasları üzrə kadr hazırlayan fakültələr Bilgi və bəlgə yönətimi adlandırılmışdır. Hazırda daha çox elektron kitabxana, elektron katoloqlaşdırma istiqamətində kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdıran professor Türkiyədə ali kitabxanaçılıq təhsilinin Avropa modeli əsasında qurlulduğunu və davamlı olaraq inkişaf etdiyini vurğulayıb.

Ustad dərsi auditoriya tərəfindən böyük maraqla dinlənilib, professor Hasan Keseroğlu dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Sonda qərara gəlinib ki, pandemiya dövründə fakültələr arasında mütəmadi olaraq onlayn mühazirələr təşkil edilsin, postpandemiya dövründə isə, müəllim və tələbə mübadiləsi həyata keçirilsin.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024