BDU-da “Şuşa bəyannaməsi regionda sülhün və təhlükəsizliyin qarantı kimi” adlı tədbir keçirilib

09/07/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin təşkilatçılığı ilə “Şuşa bəyannaməsi regionda sülhün və təhlükəsizliyin qarantı kimi” adlı onlayn tədbir keçirilib.

Tədbirdə BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini  Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək qeyd edib ki, Şuşa bəyannaməsinin imzalanması region üçün çox əhəmiyyətli hadisədir. 2021-ci il iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı bəyannamə ölkələrimizin tarixi qardaşlığının, dostluğunun və birliyinin əyani təcəssümüdür. B.Nəbiyev bəyannamənin iki ölkə arasında dostluq və qardaşlığın, ölkələrimizin münasibətlərinin keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldıracağından, xalqlarımızın ümumi mənafelərinə xidmət edəcəyindən bəhs edib. Qeyd edib ki, bəyannamə, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsindən irəli gələrək xalqlarımızın birliyini ortaq milli-mənəvi dəyərlərini əks etdirir.

Məruzə ilə çıxış edən Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş gününə - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənasının olduğuna diqqət çəkib. E.Mirbəşiroğlu bildirib ki, biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda böyük dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsə Qars müqaviləsini xatırlatdı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Sonra BDU-nun Diplomatiya və inteqrasiya kafedrasının müəllimi Soltan Zahidov Şuşa bəyannaməsinin regionda sülhün və təhlükəsizliyinin qarantı kimi əhəmiyyətindən bəhs edib. Tədbirin sonunda BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu tədbirin Universitetdə Şuşa Bəyannaməsinin təbliği istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı olduğunu vurğulayıb, bu istiqamətdə həyata keçiriləcək tədbirlərdən söz açıb.

Tədbir müəllimlərin və tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024