BDU-da Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

01/06/2021

Bu gün Bakı Dövlət Universitetində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbirdə çıxış edərək, ölkəmizdə uşaqların dövlət səviyyəsində yüksək qayğı ilə əhatə olunduğu, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün bütün zəruri şəraitin yaradıldığı, onların şəxsiyyət kimi formalaşmasının əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil etdiyini bildirib. Qeyd edib ki, uşaqların sosial həyatında tolerantlıq, onların sülh və qarşılıqlı anlaşma ruhunda tərbiyəsi, sağlam həyat tərzinin yaradılması, hüquqlarının müdafiəsi, humanizm və demokratik təhsil kimi məsələlər ön plana çəkilmişdir.

Elçin Babayev qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də uşaqlara qayğı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər il internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənliklərində iştirak edərək onları bir araya gətirir. Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bu gün Azərbaycanda uşaqların  mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında məlumat verib. Ölkəmizdə uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı dövlətin diqqət mərkəzində olduğunu bildirib.

Daha sonra tədbirdə BDU-nun Psixologiya kafedrasının müəllimi Kamilə Kazımova, İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müəllimi Aytac Qibləliyeva mövzu ilə bağlı çıxış ediblər.

Tədbir bədii hissə ilə davam edib. BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin təqdimatında şeirlər səsləndirilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024