BDU-da "Ulu Öndər Heydər Əliyev və uşaq hüquqları” mövzusunda tədbir
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində "Heydər Əliyev İli" çərçivəsində 20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və uşaq hüquqları” mövzusunda tədbir keçirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verdiyini bildirib. Ulu Öndərin təşəbbüsü ilə 19 may 1998-ci ildə qəbul edilən "Uşaq hüquqları haqqında" qanun Azərbaycanda uşaqların hüquq və azadlıqlarını, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin artıq milli strategiya kimi formalaşdığını diqqətə çatdıran dekan "Azərbaycan Respublikasının uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsini ehtiva etdiyini bildirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq hüquqlarına olan diqqətinin bu sahəyə qayğının daha da artmasına səbəb olduğunu vurğulayan fakültə dekanı Heydər Əliyev Fondunun uşaqların sosial müdafiəsi ilə bağlı çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Dekan müavini Aytəkin İbrahimova, Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva, tələbələr Eltac Allahyarlı, Səma Cəfərova, Ləman Abdullayeva, Güllü Abbasova, İsmət Bayramov çıxışlarında Ulu Öndər Heydər Əliyevin uşaqlara olan hədsiz sevgisindən və qayğısından ətraflı bəhs ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından bəhs edən videoçarx nümayiş etdirilib.