BDU-da ustad dərsi: “Pedaqoji mühit və kitabxanalar”
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə “Pedaqoji mühit və kitabxanalar” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov mövzu üzrə məruzə edib.
Məruzədə əvvəlcə pedaqoji mühit anlayışı şərh edilib, onun planlı, məqsədyönlü olması barədə geniş izah verilib. Pedaqoji mühitin formalaşmasında və təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsində kitabxanaların rolunun vacibliyi vurğulanıb. Müasir dövrdə kitabxanaların yalnız resurs mərkəzi kimi deyil, sosiallaşmaya təsir edən institut, müzakirə məkanı olduğu diqqətə çatdırılıb. Yeni dövrün çağırışı kimi kitabxanaların rəqəmsal resurslarla zənginləşdirilməsi məsələləri təhlil olunub. Qeyd edilib ki, kitabxanalarda təşkil olunan oxu günləri, müzakirələr və yaradıcı görüşlər insanların ünsiyyət mədəniyyətini zənginləşdirir, estetik zövqün və mənəvi dəyərlərin formalaşmasında əhəmiyyətli rol oynayır.
Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun ustad dərsi maraqla dinlənilib, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əməkdaş və tələbələrin sualları cavablandırılıb.



