BDU-da Vətən müharibəsi şəhidləri haqqında filmlərin təqdimatı olub

02/11/2023

Bakı Dövlət Universitetində (BDU) “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Bir ölər, min dirilərik" layihəsi çərçivəsində hazırladığı filmlərin təqdimat mərasimi keçirilib. Layihə Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanların tanıdılmasına xidmət edir.

Toplantıda çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Vətən müharibəsinin çağdaş dövrümüzün ən şanlı səhifəsi olduğunu bildirib, Azərbaycan gəncliyinin ərazi bütövlüyümüzün bərpası üçün göstərdiyi qəhrəmanlıqların əsrlər keçsə də, unudulmayacağını deyib. O, BDU-da vətənpərvərlik ruhunun təbliği sahəsinə görülən işlərdən danışıb və bundan sonra da şəhidlərimizin xatirəsinin yaşadılması üçün davamlı tədbirlər keçiriləcəyini qeyd edib.

Təqdimat mərasimində DANİB sədri Elməddin Behbud bildirib ki, layihənin məqsədi Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidliyi yeniyetmə və gənclərə çatdırmaqla vətənpərvərlik ruhunu yüksəltmək və Azərbaycanın müasir tarixinin zəfər salnaməsini olduğu kimi təbliğ etməkdir. Təşkilat sədri hamının Prezident İlham Əliyevin “Biz Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq” fikrindən nümunə götürərək, xalqımıza Zəfər bəxş edən vətən övladlarını daim diqqətdə saxlamalı olduğunu vurğulayıb. Elməddin Behbud layihənin icrası çərçivəsində görülən işlər, şəhidlərlə bağlı filmlərin hazırlanması üçün aparılan araşdırmalar, Bakıda və Naxçıvandakı çəkilişlər barədə məlumat verib. Filmlərdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və dostlarının xatirələri yer alıb. Layihə çərçivəsinə 3 film hazırlanıb. Bunlar şəhid Nurəhməd Ulubəyova həsr olunan “Nur üzlü qəhrəman”, şəhid Hüseyn Tağıyevdən bəhs edən “Şəhidlik vurğunu”, şəhid Zaman Məmmədova ithaf olunmuş “Zamana meydan oxuyan Zaman” filmləridir.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva şəhid və qazilərimizin yalnız ərazilərimizi düşməndən azad etmədiyini, həm də gələcək nəsillər üçün əvəzsiz və misilisiz şəxsi qəhrəmanlıq örnəkləri, yüksək mənəvi irs qoyduqlarını vurğulayıb. Nazir müavini Vətən sevgisini tərənnüm edən belə filmlərin hazırlanmasının şəhid ailələrinə kiçik təskinlik olduğunu deyib.

Şəhid Nurəhməd Ulubəyovun ailəsi adından çıxış edən Ramiz Fərzəliyev şəhidlərimizə göstərilən ehtirama görə təşkilatçılara təşəkkürünü çatdırıb.

Sonra filmlərə baxış keçirilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024