BDU-da X Azərbaycan-Koreya dili nitq müsabiqəsi keçirilib
Bakı Dövlət Universiteti (BDU), Koreya Respublikasının Azərbaycandakı səfirliyi, Koreya Fondu və Azərbaycan Koreya dili Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə X Azərbaycan-Koreya dili nitq müsabiqəsi keçirilib.
Müsabiqədə Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Texnologiya Universitetinin ümumilikdə 11 tələbəsi iştirak edib.
Tədbirdə çıxış edən BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan müsabiqə iştirakçılarını təbrik edib. Bildirib ki, bu il Azərbaycan ilə Koreya arasındakı diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. Koreyaşünaslıq üzrə mədəniyyət tədbirinin keçirilməsi iki ölkə arasında münasibətlərin inkişafına töhfə sayıla bilər.
Sonra Koreya Respublikasının Azərbaycandakı səfirliyinin III katibi Vu Ci Youn çıxış edərək, müsabiqənin təşkilinə görə BDU rəhbərliyinə, Koreya Fonduna və Azərbaycan Koreya dili Müəllimləri Assosiasiyasına təşəkkür edib. O, mütəmadi keçirilən müsabiqənin tələbələrin Koreya dilini mənimsəmələrinə müsbət təsir etdiyini vurğulayıb.
Koreya Fondunun rəsmi nümayəndəsi, Fondun Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə direktoru Lim Cheol-voo müsabiqənin əhəmiyyətindən danışıb. Koreya İncəsənət və Hanqıl Mərkəzinin direktoru O Su Min “Koreyanın ruhu, Ariranqın müxtəlifliyi” mövzusunda Koreya musiqi alətinin müşayiəti ilə maraqlı mühazirə oxuyub.
Sonra tədbir iştirakçıları arasında uduşlu lotereya oynanılıb.
BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli müsabiqənin tələbələr arasında dilə marağı artırdığını, dilin mənimsənilməsi üçün əsl bilik mühiti yaratdığını diqqətə çatdırıb. Bu isə beynəlxalq standartlara cavab verən mütəxəssislərin hazırlanması işinə böyük dəstəkdir.
Müsabiqənin nəticələrinə əsasən, BDU-nun tələbələri Nigar Əmrahzadə I, Lalə Məmmədova II, Mədinə Tapdıqlı III yerləri tutublar. III yerin daha bir qalibi isə Bakı Mühəndislik Universitetinin tələbəsi Nigar Qurbanova olub.
Müsabiqə qaliblərinə hədiyyə və sertifikatlar təqdim edilib.