BDU-da “Xarıbülbül” debat turniri

12/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Debat klubunun yaranmasının 10 illiyi münasibətilə Vətən müharibəsi şəhidi, BDU-nun Tarix fakültəsinin məzunu, keçmiş debatçı Elşən Salayevin əziz xatirəsinə həsr olunmuş “Xarıbülbül” debat turniri keçirilib.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Debat klubunun təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru Jalə Şükürlü BDU Debat klubunun tarixi, uğurları barədə məlumat verib.

Debat klubunun sədri Nadir Rzalı Elşən Salayevin həyatı, döyüş yolu ilə bağlı iştirakçıları məlumatlandırıb. Elşən Salayevin əziz xatirəsinin həmişə yaddaşlarda yaşayacağını bildirən Nadir Rzalı bütün iştirakçılara turnirə qoşulduqları üçün minnətdarlıq edib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetin şəhid tələbə və məzunlarının şücaəti barədə söhbət açıb. Həmçinin Debat klubunun daim Universitetin ictimai həyatında aktiv olduğunu və silsilə nailiyyətlərə imza atdığını vurğulayıb.

BDU THİK-in sədri Hacıbaba Mustafayev debat oyunlarının əhəmiyyəti, gənclərin inkişafındakı rolu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, THİK bundan sonra da Debat klubunun fəaliyyətinə dəstəyini əsirgəməyəcək.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova BDU Debat klubunun uğurları, debat sferasındakı özünəməxsus yeri barədə söhbət açıb.

Daha sonra Debat klubunun 10 illiyinə həsr olunan videoçarx nümayiş olunub. “Xarıbülbül” debat turnirinin Hakimlər komitəsinin sədri Qabil İsazadə turnirin strukturu barədə məlumat verib, qrup mərhələlərində yarışacaq komandaları açıqlayıb.

Qeyd edək ki, turnirdəki komandaların əksəriyyəti məzunlardan təşkil olunub. Səkkiz müxtəlif universitetin məzunları turnirdə iştirak edib. Azərbaycan və rus bölmələri üzrə ümumilkdə 20 komanda yarışıb. Qrup mərhələlərindən sonra Azərbaycan və rus bölmələri üzrə 16 komanda kubok uğrunda mübarizə aparıb. Belə ki, bu dəfə turnirin sistemində fərqlilik olub. Uduzan komandalar turniri tərk etməyib, alt qrupa keçərək “On ilin finalı”na çıxmaq uğrunda mübarizə aparıblar.

Azərbaycan bölməsi üzrə “Qeyd-şərtsiz”, Rus bölməsi üzrə “Press F” komandaları “Xarıbülbül” turnirinin qalibi olublar. Hər iki bölmə üzrə ən yaxşı natiqlər sertifikat və medallarla təltif ediliblər. “On ilin ən yaxşı…” nominasiyaları isə Debat klubunun fəaliyyətində əziyyəti olan məzun debatçılara təqdim olunub.

“On ilin finalı”nda Azərbaycan bölməsi üzrə “KaNNkret” və “Qeyd-şərtsiz” komandaları, rus bölməsi üzrə isə “Triada new” və “Press F” komandaları çıxış ediblər. Beləliklə, Azərbaycan bölməsi üzrə “KaNNkret”, rus bölməsi üzrə isə “Triada new” komandası “On ilin qalibi” olub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024