BDU-da “Xocalı qətliamı əcnəbi tələbələrin gözü ilə” adlı tədbir
Bakı Dövlət Universitetində (BDU) “Xocalı qətliamı əcnəbi tələbələrin gözü ilə” adlı onlayn tədbir keçirilib. Tədbirdə Türkiyə, İran, Əfqanıstan, Çindən olan tələbələr iştirak ediblər.
İlk olaraq Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun Filologiya fakültəsinin dosenti İradə Şəmsizadə Xocalı soyqırımı barədə çıxış edərək, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında beynəlxalq təhsil əməkdaşlığının rolunu və xüsusilə günahsız insanlara qarşı törədilmiş bu dəhşətli cinayətin dünya ictimaiyyətinin artıq diqqət mərkəzində olduğunu qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyası nəticəsində bu faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməsi baxımından böyük irəliləyişlərin əldə olunduğu bildirib.
Tarix fakültəsinin professoru İbrahim Zeynalov çıxışında Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildiyinə diqqət çəkib. Qeyd edib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Artıq bir çox ölkələrin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanındığını bildirib.
Tədbirin sonunda çıxış edən Hazırlıq sektorunun baş mütəxəssisi Naibə Rzayeva çıxış dərək ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayət olduğunu bildirib.
Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən sənədli foto-slayd təqdim olunub.
Tədbir əcnəbi tələbərin hazırladığı bədii hissə ilə davam edib.