BDU-da Xocalı soyqırımına həsr edilmiş xüsusi dərs

24/02/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub. Əvvəlcə Xocalı soyqırımı zamanı və Vətənimizin azadlığı uğrunda şəhid olan bütün soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Xüsusi dərs Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam edib. Knyaz Aslan ermənilərin tarixən xalqımıza qarşı apardığı düşmənçilik siyasətindən, zaman-zaman törətdikləri qanlı cinayətlərdən bəhs edib. Mühazirədə Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımının başvermə səbəbləri, soyqırım qurbanları barədə tələbələrə dolğun informasiya verilib. Natiq Xocalı soyqırımına hüquqi-siyasi qiymətin xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xüsusi vurğulayıb. Həmçinin soyqırımın dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Xocalı soyqırımının baş verdiyi dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Knyaz Aslan qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin ləyaqətli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alınıb, torpaqlarımızın ərazi bütövlüyü bərpa edilib.

Sonra İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi - Xocalı sakini Vəfa Usubova öz təəssüratlarını bölüşüb. Bildirib ki, faciə zamanı nənəsi, əmisi və bir çox yaxın qohumu vəhşicəsinə qətlə yetirilib, atası isə girov götürülüb. Ölkəmizin qazandığı tarixi qələbənin bütün xalqımız kimi Xocalı sakinlərində də qürur və gələcəyə inam hissi yaratdığını vurğulayan Vəfa Usubova ən böyük arzusunun tezliklə doğma Xocalıya dönmək olduğunu da ifadə edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024