BDU-da yeni tədris ili başlayıb

15/09/2023

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ili başlayıb.

BDU-da ilk dərslər Azərbaycan xalqının Ümummilli Lideri, Universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevə həsr olunub.

2023/2024-cü tədris ilində BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Hazırda BDU-da bakalavriat səviyyəsi üzrə  21610 tələbə təhsil alır. Onlardan 7281-i kişi, 14329-u qadındır. Tələbələrdən 12100-ü humanitar, 9510-u təbiət elmləri üzrə ixtisaslarda təhsil alır. BDU-nun bakalavriaturasında təhsil alan tələbələrin 15093-ü dövlət sifarişi əsasında, 6516 nəfəri ödənişli əsaslarla oxuyur.

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5409 nəfər qəbul olunub.  Onlardan 3843 nəfər dövlət sifarişli, 1566 nəfər ödənişli əsaslarla təhsil alacaq. Qəbul olananların 267 nəfəri 600-dən, 839 nəfəri 500-dən yuxarı bal toplayıb.

2023/2024-cü tədris ilində BDU-nun magistraturasında 2146 tələbə təhsil alır. Onlardan 687-sı kişi, 1459-u qadındır. BDU-nun magistrantlarının 1459 nəfəri dövlət sifarişi əsasında, 687 nəfəri ödənişli əsaslarla təhsil alır.

2023/2024-cü tədris ili üzrə BDU-nun bakalavriat və magistratura səviyyələrində, həmçinin SABAH qruplarında yeni ixtisaslar açılıb.

Bakalavriat səviyyəsi üzrə “Statistika” ixtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat, “Meliorasiya mühəndisliyi” ixtisası Geologiya, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası isə İnformasiya və sənəd menecmenti fakültələrində tədris olunacaq.

Magistratura səviyyəsi üzrə “Tərcümə (ərəb dili üzrə)” ixtisaslaşması Şərqşünaslıq, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” ixtisaslaşması Coğrafiya, “Gömrük ekspertizası” ixtisaslaşması isə Kimya fakültələrində tədris ediləcək.

BDU-nun SABAH qruplarında isə bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisas (“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Biotexnologiya”, “Torpaqşünaslıq və aqrokimya”) əlavə edilib.

SABAH qruplarında magistratura səviyyəsi üzrə 2023/2024-cü tədris ilindən 6 yeni ixtisaslaşmaya (“Ehtimal nəzəriyyəsi və statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Optimallaşdırma və optimal idarəetmə”, “Nanohissəciklər fizikası”, “Kimyəvi kinetika və kataliz”, “Molekulyar biologiya”) qəbul aparılıb.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 1539 tələbə, “Gənc istedadlar” liseyində 654 şagird təhsil alır.

Bütün tələbə və şagirdlərimizi yeni tədris ilinin başlaması münasibətilə təbrik edir, onlara təhsillərində və şəxsi həyatlarında uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024