BDU-da Zəfər Günü təntənə ilə qeyd olundu
Bu gün Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Şanlı zəfər gününə həsr olunmuş tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev çıxışında möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabrın Azərbaycanda Zəfər Günü kimi təsis edilməsini ölkəmizin həyatında yeni mərhələnin, inkişafa, intibaha, aydın sabahlara aparan böyük yolun başlanğıcı olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Qüdrətli dövlətimiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğura imza atdı. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı.
Sonra rektor BDU kollektivinin Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə, informasiya cəbhəsində fəal iştirak etməsindən bəhs edib, BDU-nun yüzlərlə məzun və tələbəsinin düşmənlə döyüşə atıldığını, 19 məzunun şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Vətən müharibəsində şanlı qələbəmizdən sonra BDU-da həyata keçirilən akademik layihələr, ərazi bütövlüyünün təmin olunması uğrunda canını və qanını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş oğul və qızlarımızın xatirəsinin əziz tutulması, onların qəhrəmanlığının tələbə gənclər arasında təbliği ilə bağlı Tədbirlər Planına müvafiq olaraq görülmüş çoxşaxəli tədbirlər haqqında məlumat verib.
Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov və baş leytenant Nazim Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi hazırlığından, əsgərlərimizin şücaətindən, döyüşlərdən böyük qürurla bəhs ediblər.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçarxı nümayiş etdirilib.
Tədbir BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı musiqili, ədəbi-bədii proqramı ilə davam edib. Mərkəzin ansamblının vətənpərvərlik ruhunda ifa etdiyi rəngarəng kompozisiyalar coşqu ilə qarşılanıb. Tanınmış müğənnilər Elçin Cəfərov, Emil Bədəlov, Xasay Şıxıyev və Aşıq Ədalət Dəlidağlının ifaları tədbirə xüsusi rəng qatıb.