BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə kitab sərgisi təşkil olunub.
Sərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbəni, ərazi bütövlüyü uğrunda aparılan mübarizəni, xalqımızın milli birliyini və qəhrəmanlığını, şəhidlərimizin şərəfli həyat və döyüş yolunu əks etdirən 100-ə yaxın nəşr nümayiş olunur. Onların arasında “44 günlük diplomatiya dərsləri”, “Müzəffər Komandan”, “Vətən müharibəsinin tarixi-siyasi dərsləri”, “Xilaskar İlham Əliyev”, “Zəfər salnaməsi”, “Tarix yazan 44 gün” kimi kitablarla yanaşı, 2021-ci ildə BDU-da nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, “Vətən müharibəsi yerli və xarici mediada”, “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”, “Tarix yazan məzunlar” adlı nəşrlər də sərgilənir.
Həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq sərginin məqsədi Zəfər tariximizin, Vətən müharibəsi həqiqətlərinin təbliği, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.

