BDU-da “Zəfər və Qürur yolunun tarixi” Elektron Məlumat Bazasının təqdimatı keçirilib
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən tarixi Zəfərimizin 5 illiyi münasibətilə hazırlanmış “Zəfər və Qürur yolunun tarixi” adlı Elektron Məlumat Bazasının təqdimatı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Universitetin “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı Vətən müharibəsində qazandığımız parlaq qələbənin beşinci ildönümü ilə bağlı ölkə üzrə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdikdən sonra müharibə və postmüharibə dövründə baş verən proseslər, dövlətimizin bu sahədəki siyasəti, Qarabağın tarixi, mədəniyyəti, elm, təhsil mühiti yeni elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi xüsusi aktuallıq kəsb edir, bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilir, elektron informasiya mənbələri formalaşdırılır: “Ölkəmizin aparıcı kitabxanalarından olan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Zəfər və Qürur yolunun tarixi” adlı Elektron Məlumat Bazası da bu mənada mühüm əhəmiyyət kəsb edir”.
Sonra Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Lətafət Əsədullayeva, Validə Quliyeva və Kamil Qürbətov elektron məlumat bazasını tədbir iştirakçılarına təqdim ediblər. Elektron Məlumat Bazasında “Ana səhifə”, “Rəsmi sənədlər”, “İşğaldan azad olunmuş torpaqlarımız”, “44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimiz”, “Kitablar”, “Məqalələr”, “Əbədi yaddaş”, “Vətən müharibəsi iştirakçılarına təsis edilmiş orden və medallar” adlı bölmələr, həmçinin foto və videoqalereya yer alır. Məlumat bazasının hazırlanmasında məqsəd Zəfər tariximizin tarixi faktlar, sənədlər, foto və video materiallar vasitəsilə gənc nəslə çatdırılması, müasir informasiya texnologiyalarından istifadə etməklə təbliğ olunmasıdır.
Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov və fakültə tələbələri çıxışlarında Vətən müharibəsində qazandığımız parlaq qələbədən bəhs edib, təqdim olunan elektron resursun Zəfər tariximizə dair məlumatların sistemləşdirilməsi, informasiyaların geniş auditoriyalara çatdırılması, eyni zamanda gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin təşkilinə görə BDU rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.



