BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ““Zəfər” yatağının flüid daxilolmaları və geoloji-genetik modeli” mövzusunda elmi seminar keçirilib. Seminarda “Azerbaijan International Mining Company Limited” şirkətinin kəşfiyyat işləri üzrə baş geoloqu, Faydalı qazıntılar kafedrasının qiyabi doktorantı Cavid İbrahimov mövzu üzrə məruzə edib.
Məruzəçi Zəfər yatağının geoloji quruluşu, struktur-tektonik xüsusiyyətləri və hidrotermal dəyişmə mərhələlərini kompleks şəkildə təqdim edib. Bildirib ki, yataq Tetis metallogenik qurşağı daxilində formalaşıb və onun təşəkkülü regional geodinamik proseslərlə sıx bağlıdır. Flüid daxilolmalarının mikrotermometrik tədqiqatları nəticəsində homogenləşmə temperatur intervalları və məhlulların duzluluq göstəriciləri müəyyən edilib, əldə olunan parametrlər əsasında filizəmələgəlmə prosesinin fiziki-kimyəvi modeli qurulub.
Qeyd olunub ki, aparılan tədqiqatların nəticələri Zəfər yatağının orta sulfidli epitermal tipə aid olduğunu göstərir. Eyni zamanda, dərin horizontlarda porfir tipli filizləşmə sisteminin mövcudluğu ehtimalı elmi əsaslarla irəli sürülüb.
Seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Vurğulanıb ki, təqdim olunan nəticələr regionun porfir-epitermal sistemlərinin genezisi və metallogenik inkişaf perspektivlərinin öyrənilməsi baxımından mühüm elmi və praktik əhəmiyyətə malikdir.





