BDU-da Zəngəzurun etno-mədəni irsi araşdırılır
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodologiya kafedrasında Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bircə Bayramovanın “Zəngəzurun etno-mədəni irsi: Müasir analitik baxış” mövzusunda elmi seminarı keçirilib.
Kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov qeyd edib ki, tədqiqat işində Azərbaycan, rus, türk, ingilis və fars dillərində mənbələrdən geniş istifadə olunub. Bu yanaşma Zəngəzurun zəngin etnik və çoxmədəniyyətli təbiətinin daha dolğun şəkildə öyrənilməsinə imkan yaradıb və regional tarix, etnoqrafiya, mədəniyyətşünaslıq sahələrində aktual problemlərin müzakirəsi üçün zəmin formalaşdırıb.
Seminarda regionun strateji əhəmiyyəti, müxtəlif imperiya və dövlətlərin təsiri ilə formalaşmış tarixi inkişaf mərhələləri, Zəngəzurun Qafqazın mühüm nəqliyyat-ticarət marşrutlarının, o cümlədən qədim İpək Yolunun kəsişmə nöqtəsi kimi rolu vurğulanıb. Məruzəçi Bircə Bayramova bölgənin mürəkkəb dağlıq relyefinin müdafiə baxımından əhəmiyyətini və burada yaşayan etnik qruplar arasında tarixən formalaşmış sosial münasibətləri geniş təhlil edib.
Qeyd olunub ki, ümumazərbaycan etnogenezində, xüsusilə qədim dövrlərdə Qərbi Azərbaycanın yerli sakinlərinin rolu mühüm olub. Bu ərazilərdə formalaşan maddi və mənəvi dəyərlər zamanla zənginləşərək Azərbaycan mədəniyyətinin əsas sütunlarından birinə çevrilib. Eyni zamanda, Albaniya dövlətinin təşəkkülündə türk boylarının iştirakının arxeoloji və epiqrafik faktlarla əsaslandırıldığı diqqətə çatdırılıb.
Seminar çərçivəsində bölgənin folkloru, xalq tamaşaları, dil və mədəni yaddaşının zənginliyi barədə də fikir mübadiləsi aparılıb.
Elmi seminar interaktiv formatda təşkil olunub, professor-müəllim heyəti və magistrantların fəal iştirakı ilə müzakirə aparılıb. Qeyd olunub ki, seminar Zəngəzur bölgəsinin tarixi və mədəni irsini elmi dövriyyəyə daxil etmək, mövcud bilikləri sistemləşdirmək və qarşılıqlı elmi dialoq mexanizmini yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır.


