BDU-nun 100 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi və işçi qrupu yaradılıb

11/02/2019

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2017-ci il tarixli Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2018-ci il tarixli Sərəncamı, Təhsil nazirinin 14 iyun 2018-ci il tarixli əmrini əsas tutaraq “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin aparılması, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Təşkilat Komitəsinin yaradılması haqqında əmr imzalayıb.

Əmrdə bildirilir ki, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı, məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi 2019-cu ildə tamam olur: “Bakı Dövlət Universiteti bu gün ölkənin aparıcı ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də respublika elminə əhəmiyyətli töhfələr verən elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Ölkədə ali təhsilin, elmi ənənələrin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 noyabr 2017-ci il tarixli Sərəncamı əsasında 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi nəzərdə tutulub. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin, şərəfli bir yol keçib, daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında təqdirəlayiq xidmətlər göstərib. Fərəhli haldır ki, UNESCO Baş Konfransının 39-cu sessiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi barədə qərar qəbul edilib. Yubileyin İSESKO, o cümlədən bir sıra universitetlər assosiasiyaları tərəfindən qeyd edilməsi barədə ilkin razılıqlar əldə edilib”.

F.Qurbanov universitetin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar BDU-nun 17.01.2019-cu il tarixli əmrinə uyğun olaraq Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı işçi qrupunun yaradılması haqqında da əmr imzalayıb. Əmrə əsasən, BDU-nun 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş müddəaları həyata keçirmək, yubileyin daha yaxşı təşkil edilməsi ilə bağlı təkliflər hazırlamaq, bu istiqamətdə tələb olunan bütün işləri icra etmək məqsədilə işçi qrupu yaradılıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli mərasimin, universitet məzunlarının Forumunun, BDU-nu ötən illərdə bitirmiş məzunlar arasında “BDU xatirələrdə” adlı yazı müsabiqəsinin, ali təhsil müəssisələrində Universitetin 100 illiyi münasibətilə tədbirlərin, silsilə elmi-praktiki konfransların, BDU-nun nəzdindəki Gənc istedadlar liseyinin bazasında respublika liseyləri şagirdləri arasında fənn olimpiadalarının və yubileylə bağlı müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, “Azərbaycan tarixi” muzeyində Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşənin yaradılması, universitetin tarixini əks etdirən kitabların hazırlanması və nəşr olunması, universitet haqqında sənədli filmin çəkilişi, “Xatirə Yubiley” medalının, döş nişanlarının buraxılması, rəsm və foto şəkil müsabiqəsi, Bakı Şəhər Təhsil İdarəsi ilə birgə tədbirlərin, universitet tələbələri üçün liderlik və innovativ sahibkarlıq tədris proqramlarının təşkili vəkeçirilməsi də 100 illik yubileylə bağlı görüləcək işlərə daxildir.

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024