BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək
VII Qlobal Bakı Forumunda iştirak edən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru George Şarvaşidze, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru Anastas Gerdjikov, Buxarest Universitetinin prorektoru Sorin Kostrea və Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut Bakı Dövlət Universitetində olublar.
BDU-nun rektoru Elçin Babayev görüşün əhəmiyyətini qeyd edib və müasir elmin tələblərinə uyğun olaraq yeni formatda atılacaq addımlar barədə fikir mübadiləsi aparmağa imkan yaratdığını diqqətə çatdırıb.
Görüşdə Qara Dəniz Universitetləri Şəbəkəsi ilə mövcud əlaqələr, universitetin 100 illik yubileyinin bu təşkilatda qeyd edilməsi, qurumun üzvü olan universitetlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, ikili diplom, beynəlxalq akkreditasiya məsələləri müzakirə edilib.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru George Şarvaşidze, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru Anastas Gerdjikov, Buxarest Universitetinin prorektoru Sorin Kostrea və Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut müzakirə edilən məsələlərin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb və Bakı Dövlət Universiteti ilə səmərəli əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, BDU-nun rektoru Elçin Babayev, eyni zamanda, martın 17-də “Fairmont” oteldə Qara Dəniz Universitetləri Şəbəkəsi ilə Davamlı İnkişafın Həlli Şəbəkəsinin birgə tədbiri olan, Yunanıstan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Moldova və Rusiyadan olan nümayəndə heyətinin işirakı ilə keçirilən “Qara Dəniz bölgəsində dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstək olaraq təhsil, elm və innovasiyalar” adlı tədbirində iştirak edib və qeyd edilən məsələ ətrafında çıxış edib.
Xatırladaq ki, Qara Dəniz Universitetləri Şəbəkəsi üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsi məqsədilə yaradılıb. Şəbəkə 12 ölkənin yüzdən çox universitetini birləşdirir. Bakı Dövlət Universiteti 1998-ci ildən təşkilatın sıralarında təmsil olunur.
Mətbuat və informasiya şöbəsi, 18 mart 2019-cu il.