BDU-nun 105 illik yubileyi çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təqdimatı

25/11/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təqdimatı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Bakı Dövlət Universitetinin ən gənc fakültələrindən olmasına baxmayaraq, ən böyük fakültəsidir. Fakültə 1991-1992-ci illərdə yaranıb, qısa zaman ərzində formalaşıb və məşhurlaşıb. Bu illər ərzində fakültə ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan çoxsaylı məzunlar yetişdirib. Hazırda fakültənin məzunları dövlət və hökumət qurumlarında, diplomatik nümayəndəliklərdə ölkəmizi layiqincə təmsil edirlər: “Müasir dövrdə dünyada beynəlxalq məsələlər və iqtisadiyyat ən aparıcı sahələrdəndir. Bu sahədə ölkəmizi peşəkar, yüksəkixtisaslı kadrlarla təmin etmək üçün fakültənin üzərinə mühüm vəzifələr düşür. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ölkəmizin beyin mərkəzlərindən birinə çevrilməsini istəyirik. Son illər fakültənin tədris göstəriciləri ildən-ilə yaxşılaşır, yüksək balla qəbul olunanların sayı artır”.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 17 ildən sonra BDU-da çıxış etməyin böyük fəxr olduğunu qeyd edib. O bildirib ki, ölkəmizin diplomatik korpusunun böyük əksəriyyətini BDU məzunları təşkil edir. Fakültə məzunları həm Xarici İşlər Nazirliyinin (XİN) mərkəzi aparatında, həm də diplomatik nümayəndəliklərdə uğurla fəaliyyət göstərirlər. BDU-nun ənənələri, mühiti, burda qazandıqları peşəkar bacarıqlar onların uğurlarının əsasını təşkil edir. O, ölkəmizin son illərdə qazandığı diplomatik uğurlarda BDU məzunlarının da rolunun çox olduğunu diqqətə çatdırıb. BDU ilə XİN arasında münasibətlərin inkişafı, Universitetin tələbə və məzunlarının nazirliyin fəaliyyətinə daha aktiv cəlb olunması istiqamətlərində işlərin davam edəcəyini vurğulayıb.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı isə bildirib ki, BDU yarandığı gündən öz tarixi missiyasını ölkəmizdə milli kadr hazırlığının həyata keçirilməsi istiqamətində qurub. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi hazırda respublikanın ən böyük fakültələrindən biri kimi 3500-dən çox tələbə kontingentinə sahibdir. Burada bakalavriat səviyyəsində 9 ixtisas, magistratura səviyyəsində 18 ixtisaslaşma üzrə müasir dövrün qlobal çağırışlarına cavab verən yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir. 7 kafedradan ibarət fakültədə 100 nəfərdən artıq professor-müəllim heyəti çalışır. Beynəlxalq əməkdaşlıq çərçivəsində fakültədə ikili diplom proqramları və birgə tədqiqat layihələri həyata keçirilir. Bu yanaşma tələbələrin rəqabətədavamlı mütəxəssis kimi formalaşmasına və beynəlxalq arenada uğurla təmsil olunmasına şərait yaradır.

Daha sonra Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev çıxışlarında BDU məzunlarının ölkənin tərəqqisi və inkişafı istiqamətində böyük fədakarlıq göstərdiklərini və bunun real nümunəsinin ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdə aydın göründüyünü bildiriblər.

Tədbir fakültənin və BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin birgə hazırladığı konsert proqramı ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024