BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Mexanika-riyaziyyat fakültəsi

04/11/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat elmlərin şahıdır” adlı tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rektor Elçin Babayev belə təqdimatların tələbələrin BDU-nun zəngin tarixə sahib olan fakültələri ilə yaxından tanış olmaq məqsədi daşıdığını deyib. O bildirib ki, ölkəmizin bir neçə məşhur elmi məktəbindən ən güclüsünü riyaziyyat elmi məktəbi hesab etmək olar. Bu məktəbin yaranması və formalaşmasında BDU alimləri mühüm rol oynayıblar: “Mexanika-riyaziyyat fakültəsinin məzunları sırasında nazirlər, deputatlar, hökümət nümayəndələri, elm-təhsil xadimləri var, bunlar fakültə üçün qürur mənbəyidir. Bu gün bizim riyaziyyatçılar ölkəmizi xaricdə böyük uğurla təmsil edirlər. Hazırda əsas məqsədimiz fakültənin daimi inkişafını təmin etməkdir. Fakültə tələbələrinin son illərdə beynəlxalq olimpiadalarda qızıl medala, yüksək yerlərə layiq görülməsi də bu inkişafın nəticəsidir”.

Daha sonra “Mexanika-riyaziyyat fakültəsinin dünəni və bu günü” adlı videoçarx nümayiş etdirilib.

Fakültə dekanı, professor Ziyatxan Əliiyev BDU-nun köklü fakültələrindən olan Mexanika-riyaziyyat fakültəsinin Fizika-riyaziyyat fakültəsinin bazasında yaradıldığını vurğulayıb: “1921-ci ildən başlayaraq 1930-cu ilədək fakültənin tərkibində Dəqiq riyaziyyat və Tətbiqi riyaziyyat kafedraları fəaliyyət göstərib. Fakültə 1958-ci ildən müstəqil fakültəyə çevrilib. Mexanika-riyaziyyat fakültəsinin ilk dekanı Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Əşrəf Hüseynov olub. Respublikada riyaziyyat və mexanika elminin, neft sənayesinin, kibernetika və informatika sahələrinin inkişafında, bu sahədə peşəkar kadrların hazırlanmasında fakültənin böyük rolu olub. Ölkədə milli riyaziyyatçılar nəslinin yetişdirilməsində Məmməd Əfəndiyev, Mikayıl Xıdırzadə, Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Maqsud Cavadov, Qoşqar Əhmədov kimi alimlərin əvəzsiz xidmətləri var. Hazırda fakültədə AMEA-nın 2 müxbir üzvü, 20 elmlər doktoru, professor, 64 nəfər fəlsəfə doktoru, dosent, baş müəllim və müəllim çalışır. Fakültənin professor-müəllim heyəti müxtəlif təcrübə proqramlarında fəal iştirak edir, əməkdaşların beynəlxalq bazalarda indeksləşdirilmiş jurnallarda məqalələri nəşr olunur. Müəllimlər, doktorantlar, magistrantlar ölkə və beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edirlər. Fakültədə mütəmadi şəkildə elmi konfrans, seminar və ustad dərsləri təşkil olunur”.

Sonra çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, profesor Əli Əhmədov Mexanika-riyaziyyat fakültəsinin ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasındakı rolundan və Bakı Dövlət Universitetinin uğurlu elm, təhsil siyasətindən söz açıblar.

Tədbir tələbələr arasında keçirilən riyazi yarış və bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024