BDU-nun 105 illik yubileyi çərçivəsində Filologiya fakültəsinin təqdimatı

06/12/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Filologiya fakültəsinin təqdimatı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 105 illik yubiley tədbirləri çərçivəsində keçirilən ayrı-ayrı fakültə təqdimatlarının məqsədi Universitetin tarixinə qısa nəzər salmaq, korifey alimləri, müəllimləri bir daha yad etmək, onları tələbələrə tanıtmaqdır: “105 il öncə Azərbaycan Xalq Cümhuriyyəti doğma Universitetimizin yaranması ilə bağlı tarixi qərar verdikdə BDU-da iki fakültə yaradılmışdı. Bunlar Tibb və Tarix-filologiya fakültələri idi. Fakültənin nəzdində Dil-ədəbiyyat və Şərq şöbələri fəaliyyət göstərib. Növbəti illərdə struktur dəyişiklikləri nəzərə alınaraq, Dil-ədəbiyyat şöbəsində “Rus dili və ədəbiyyatı” ixtisası, Şərq şöbəsi daxilində isə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası tədris edilib. 1922-1923-cü tədris ilindən Şərq şöbəsi müstəqil fakültəyə çevrilib. 1922-ci il martın 30-dan “Rus dili və ədəbiyyatı” ixtisası Tarix-filologiya fakültəsinin müstəqil bir şöbəsi, indiki “Azərbaycan dili və ədəbiyyatı” ixtisası isə Şərq fakültəsinin Lisaniyə şöbəsinin müstəqil bölməsi kimi fəaliyyət göstərib”.

Rektor vurğulayıb ki, Filologiya fakültəsinin Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Məmməd Arif Dadaşzadə, Feyzulla Qasımzadə, Məmmədağa Şirəliyev, Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Mir Cəlal Paşayev, Mikayıl Rəfili, Cəfər Xəndan Hacıyev, Əli Sultanlı, Fərhad Zeynalov, Əlövsət Abdullayev, Yusif Vəkilov, Bəxtiyar Vahabzadə, Yusif Seyidov, Gülhüseyn Abdullayev, Azad Nəbiyev, İsa Hüseynov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Ağamusa Axundov, Tofiq Hacıyev, Yaşar Qarayev, Pənah Xəlilov, Əzizə Cəfərzadə, Əliyar Səfərli, Kamil Əliyev, Təhsin Mütəllimov, Ədibə Paşayeva, Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdullayev, Teymur Kərimli, Nizami Cəfərov, Əbülfəz Rəcəbli kimi adlarını elm, ədəbiyyat tariximizə yazmış məşhur məzunları, müəllimləri, alimləri olub: “Böyük ədib Mir Cəlal Paşayev tələbələri “ən böyük adam” adlandırırdı. Filologiya fakültəsi tələbə və məzunları ilə daim seçilib. Filologiya fakültəsi BDU-nun ən böyük fakültələrindən biridir. Hazırda fakültədə 1500-ə yaxın tələbə təhsil alır”.

Sonra Filologiya fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov Filologiya fakültəsinin görkəmli müəllimlərindən və onlarla bağlı  xatirələrindən söz açıb. Bildirib ki, fakültənin müəllimləri şəxsiyyətləri, mənəviyyatları, davranışları ilə tələbələrə örnək olublar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı, Ümumi dilçilik kafedrasının müəllimi Qismət Cəfərov və fakültənin III kurs tələbəsi Mehrəngiz Qurbanova Filologiya fakültəsinin Azərbaycan dilinin və ədəbiyyatının saflığının qorunmasındakı xidmətlərindən, buradakı dilçilik və ədəbiyyatşünaslıq məktəblərinin hazırda da yüksəkixtisaslı kadrlar yetişdirməsindən danışıblar.

Tədbir fakültə əməkdaşlarının və tələbələrinin ifasında bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024