BDU-nun 105 illik yubileyi çərçivəsində Hüquq fakültəsinin təqdimatı
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Hüquq fakültəsinin təqdimatı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Hüquq fakültəsinin Universitet tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, BDU-nun Hüquq fakültəsinin yetişdirdiyi yüksəkixtisaslı kadrlar bu gün qanunverici və icraedici qurumlarda, dövlət idarəçiliyində, hüquq-məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışırlar. Fakültənin yetirmələri ölkə qanunvericiliyinin təkmilləşməsində, beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərinin çatdırılmasında yaxından iştirak edirlər. Bu baxımdan Hüquq fakültəsi ölkəmiz qarşısında böyük xidmətlər göstərən və peşəkar kadrlar hazırlayan ixtisaslaşmış məktəbdir: “Bu missiyanı yerinə yetirməkdə fakültəyə uğurlar arzu edirəm!”.
Sonra Hüquq fakültəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirib ki, Azərbaycanda hüquq elminin inkişafında fakültənin yetirmələrinin rolu danılmazdır. Hazırda fakültədə 25‐dən çox hüquq elmləri doktoru və 100‐ə yaxın hüquq üzrə fəlsəfə doktoru olmaqla 120‐dən artıq professor‐müəllim fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropa, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar da bu gün fakültədə tədris prosesini uğurla aparırlar. Fakültədə tədris bakalavriat, magistratura və ikipilləli doktorantura səviyyələri üzrə Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir. Bakalavriat səviyyəsi üzrə 1600-dən, magistratura səviyyəsi üzrə 200-dən artıq tələbə təhsil alır, doktoranturada isə 100-dən çox tədqiqatçı hüquq elminin müxtəlif sahələri üzrə elmi tədqiqat işi yerinə yetirir.
Daha sonra Hüquq fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Veysəl Mirzəzadə, Tələbə Elmi Cəmiyyətinin sədri Mansur Səmədov və fakültənin II kurs tələbəsi, Prezident təqaüdçüsü Səmayə Abbasquliyeva Hüquq fakültəsində tələbələrin elmi, ictimai-sosial fəaliyyətləri üçün yaradılan şəraitdən söz açıblar.
Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.