BDU-nun 105 illik yubileyi çərçivəsində Kimya fakültəsinin təqdimatı
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Kimya fakültəsinin “Sirli dünyanı Kimya ilə kəşf et!” adlı təqdimatı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 105 yaşlı Universitetin 90 yaşlı Kimya fakültəsinin ölkənin elm tarixində yaratdığı yeniliklərlə iz qoyduğunu deyib. Bildirib ki, hazırda Kimya fakültəsində bakalavr və magistratura pilləsi üzrə 1300-ə yaxın tələbə təhsil alır. Kimya fakültəsində universal kadr hazırlığı aparılır. Fakültəni bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi-tədqiqat institutlarında işləyir, dövlət və özəl müəssisələrdə fəaliyyət göstərirlər. Fakültənin professor-müəllim heyəti Azərbaycanda kimya elminin və sənayesinin inkişafına mühüm töhfələr verib, bu sahədə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayıb. Fakültədə elmi varislik əlaqələrinin möhkəm təməl üzərində qurulması və inkişaf etdirilməsi bu sahənin daha da inkişaf etməsinə müsbət təsir göstərir.
Daha sonra Kimya fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Kimya fakültəsinin dekanı Fuad Kərimli qeyd edib ki, Azərbaycanda kimya elmi və sənayesinin inkişafı Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1970-1980-ci illərdə geniş vüsət alıb. Bu dövrdə çoxsaylı fabrik və zavodlar işə salınıb, yenidən qurulub. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildən sonra Azərbaycana yenidən rəhbərlik etdiyi dövrdə də bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb. 2003-cü ildən etibarən bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Hazırda Azərbaycanda dünya kimya elminin ənənəvi istiqamətləri ilə yanaşı, yeni elmi istiqamətləri, o cümlədən biokimya, molekulyar biokimya, fiziki kimya, kimyəvi fizika və s. sahələr də uğurla inkişaf edir.
Kimya fakültəsi ölkəmizdə yüksək ixtisaslı kimyaçı kadrlar hazırlayan əsas elm mərkəzdir. Hazırda fakültədə 7 kafedra (Ümumi və qeyri-üzvi kimya, Üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, Neft kimyası və kimya texnologiyası, Yüksəkmolekullu birləşmələr kimyası, Kimyanın tədrisi metodikası kafedraları), onların nəzdində elmi-tədqiqat və tədris laboratoriyaları fəaliyyət göstərir. Fakültədə “Kimya”, “Kimya mühəndisliyi”, “Kimya müəllimliyi” ixtisasları üzrə bakalavr hazırlığı aparılır. Fakültədə magistratura və doktorantura səviyyələrində 16 ixtisaslaşma üzrə kadrlar hazırlanır.
BDU-nun Kimya fakültəsinin məzunu, AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri, professor Tərlan Məmmədov, “Alkenilfenollar kimyası” laboratoriyasının müdiri, professor Musa Bayramov və I kurs tələbəsi Aytac Quliyeva fakültənin ölkəmizdə kimya elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rolunu diqqətə çatdırıblar.
Tədbir fakültənin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.