BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalının açılış mərasimi

30/04/2024

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatı dəstəyi ilə BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalının açılış mərasimi keçirilib.

Festivalda ölkəmizin nüfuzlu 105 şirkəti tərəfindən BDU-nun tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim olunur.

Tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev öncə Festivalın keçirilməsində göstərilən təşkilati dəstəyə görə Dövlət Məşğulluq Agentliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, BDU-nun 105 illik yubileyi münasibətilə ölkənin ən nüfuzlu 105 işəgötürəni ilə birlikdə Karyera Festivalı keçirilir: “Bu tədbir tələbələrin həyatında bir dönüş nöqtəsi, onlar üçün karyera quruculuğunda önəmli fürsətdir. Belə festivallar formal xarakter daşımır, çünki burada hər iki tərəf – həm sabahın məzunu olan təhsilalanlar, həm də işəgötürənlər qazanır. Bu gün ölkənin ən nüfuzlu və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətləri, dövlət və özəl qurumları buradadır. Hər bir ali təhsil müəssisəsinin fəxri onun məzunlarıdır. Festivalın tələbə və məzunlarımızın gələcək karyeralarında əvəzsiz rol oynayacağına inanıram”.

Rektor bu gün qalib, quruculuq və yaradıcılıq işləri ilə məşğul olan Azərbaycanımıza lazım olan kadr potensialının formalaşdırılmasına birlikdə töhfə verməyin vacib olduğunu deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Bakı Dövlət Universitetinin ölkənin ən qədim, qabaqcıl təhsil ocağı olduğunu deyib. O bildirib ki, Karyera Festivalı məzunların məşğulluğu, işlə təmin olunması baxımından ən önəmli alətlərdən biridir. Bu zaman işaxtaranlarla işəgötürənlər canlı ünsiyyət qurur. Tələbələr və universitetlərlə olan işbirliyi güclənir, işəgötürənlər yeni kadr potensialı əldə edir: “Növbəti dövrlərdə əmək bazarı tamamilə fərqli şəkildə olacaq. Texnologiyanın və süni intellektin inkişafı əmək bazarında köklü dəyişikliklərə yol açacaq və məşğulluq məsələləri fərqli formada təşkil ediləcək. Bu baxımdan universitetlər və tələbələr müasir çağırışlara hazır olmalıdırlar”.

Mustafa Abbasbəyli Agentlik tərəfindən ötən ilin noyabrında “Məzunların məşğulluq reytinqi” platformasının tətbiq edildiyini, bununla ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığın təmin edildiyini də vurğulayıb.

Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, festival iki gün davam edəcək. Festivalın ikinci günü müxtəlif mövzularda “workshop” və panel müzakirələr keçiriləcək.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024