BDU-nun 3 komandasının 5 layihəsi “TEKNOFEST-2023”ün finalına vəsiqə qazanıb

27/03/2023

Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət 3 komandasının 5 layihəsi “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin rəhbəri İlyas Nəsibov Universitet Elmi Şurasının 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş xüsusi iclasında bildirib ki, festivalda 2 kateqoriya üzrə (“Yaşıl texnologiyalar” və “Ağıllı nəqliyyat” kateqoriyaları) yarışmaya qatılan “BSU Creativity Workz” komandasının 3 layihəsi finalda BDU-nu təmsil edəcək. Komandanın “Driver’s Eye” layihəsi yol hərəkətində müşahidə edilən problemlərin süni intellekt əsasında həllinə həsr edilib. Belə ki, layihədə nəqliyyat axınının, piyadaların hərəkətinin və avtomobilin idarə edilməsi zamanı yaranan “kor nöqtələr” süni intellekt əsaslı YOLO alqoritmi ilə analiz edilib. Bunun əsasında sürücünün görə bilmədiyi nöqtələri görən, baş verə biləcək avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem yaradılıb.

“BSU Creativity Workz” komandasının “REB-Pack” layihəsində isə dörd fərqli təbii şərait və qaynaqdan (günəş, külək, alov və su axını) elektrik enerjisi əldə etməyə imkan verən bel çantası hazırlanıb. Çanta müxtəlif üsullarla əldə edilmiş elektrik enerjisindən çətin təbii şəraitdə istifadəyə, çanta üzərində quraşdırılmış xüsusi sensorlar qan təzyiqi, bədən temperaturu və s. kimi parametrləri qeyd etməyə və lazım gəldikdə monitorinq mərkəzinə ötürməyə imkan verəcək.

“BSU Creativity Workz” komandasının “CMC-Vessel” layihəsində dəniz və okeanlarda olan neft əsaslı çirkləndiriciləri təmizləməyə, eyni zamanda suda olan məişət tullantılarını toplamağa imkan verən üzən robot hazırlanacaq. Avtonom hərəkət qabiliyyətinə malik bu robot ferromaqnit və fotokatalitik maddələrin istifadəsi əsasında dəniz suyunu avtomatik olaraq çirkləndiricilərdən təmizləyə biləcək.

BDU-nun “Humantek” komandasının “Aqrar texnologiyalar” kateqoriyası üzrə finala vəsiqə qazanmış “Ağıllı damla sulama sistemi” layihəsində məqsəd torpağın mineral tərkibi, rütubət səviyyəsi və hava şəraitindən asılı olaraq kənd təsərrüfatı sahələrini avtomatik suvarmaqla su israfını minimuma endirməkdir. Torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyaların yerləşdirilməsi nəzərdə tutulub.

BDU-nun “G-21” komandasının “Aqrar texnologiyalar” kateqoriyası üzrə finala vəsiqə qazanmış “Zərərvericilərə qarşı dronlarla mübarizə” layihəsi ultrasəs dalğaları şüalandıra bilən, termik kameralarla təchiz olunmuş dronlar vasitəsilə əkinçilikdə gəmiricilərə qarşı effektiv və təhlükəsiz mübarizə aparmağa imkan verən avtomatik sistemin hazırlanmasına həsr olunub.

Digər kateqoriyalar üzrə finala vəsiqə qazanmış komandalar haqqında məlumatlar yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalı 27 aprel-1 may tarixlərində İstanbul şəhərində keçiriləcək.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024