BDU-nun Astrofizika kafedrası: “Aprelin 16-25-də Lirid meteor yağışı olacaq”

08/04/2026

Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək. Xalq arasında “ulduz axını” kimi tanınan bu hadisə Yer kürəsinin kosmosda hərəkəti zamanı kometdən qalan toz hissəciklərinin atmosferə daxil olub yanması nəticəsində yaranır.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Lirid meteor yağışının maksimum aktivliyi 21–22 aprel gecəsinə təsadüf edəcək. Bu zaman saatda orta hesabla 10–20 meteor müşahidə etmək mümkün olacaq, bəzi hallarda isə bu göstərici daha yüksək ola bilər. Meteorlar Yer atmosferinə çox yüksək sürətlə – təxminən 49 km/saniyə ilə daxil olur ki, bu da onların qısa müddətdə parlaq izlər buraxması ilə nəticələnir.

Lirid meteor yağışının əsas mənbəyi C/1861 G1 (Tetçer) adlı kometdir. Bu komet 1861-ci ildə amerikalı astronom A. E. Tetçer tərəfindən kəşf edilib və Günəş ətrafında çox uzun – təxminən 415 illik orbitə malikdir. Komet Günəşə yaxınlaşdıqca öz arxasında toz və kiçik kosmik hissəciklərdən ibarət iz buraxır. Yer hər il bu izdən keçərkən həmin hissəciklər atmosferə daxil olaraq yanır və Lirid meteor yağışını yaradır. Bu komet çox nadir halda görünür və növbəti dəfə yalnız təxminən 2276-cı ildə müşahidə ediləcək.

2026-cı ildə bu hadisə Bakı və ətraf bölgələrdə də müşahidə oluna biləcək. Bakı coğrafi baxımdan Şimal yarımkürəsində yerləşdiyi üçün Lirid meteor yağışı burada kifayət qədər yaxşı görünür. Ən yaxşı müşahidə vaxtı gecə yarısından sonra, xüsusilə saat 00:00-dan 05:00-a qədər olan interval hesab olunur. Bu saatlarda meteorların radiantının yerləşdiyi Lir bürcü üfüqdən yuxarı qalxır və müşahidə üçün əlverişli olur. Bununla belə, meteorları görmək üçün konkret bir nöqtəyə baxmaq vacib deyil, əksinə, səmanın geniş sahəsini izləmək daha effektivdir. Şəhər işıqları müşahidəni çətinləşdirdiyi üçün Abşeron yarımadasında daha qaranlıq ərazilərə çıxmaq tövsiyə olunur.

2026-cı ildə Ayın işıqlanma səviyyəsinin nisbətən zəif olması da müşahidə üçün əlverişli şərait yaradır və bu, meteorların daha aydın görünməsinə imkan verir.

Xəbərlər

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb
08/04/2026

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar
08/04/2026

BDU-nun Astrofizika kafedrası: “Aprelin 16-25-də Lirid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Aprelin 16-25-də Lirid meteor yağışı olacaq”
08/04/2026