BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

04/08/2026

Avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq. Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Perseid meteor yağışı “109P/Swift–Tuttle”“ kometinin buraxdığı toz və kiçik daş hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Bu komet 1862-ci ildə amerikalı astronom Levis Svift və ingilis astronom Horace Parnell Tuttle tərəfindən kəşf edilib. Onun Günəş ətrafında dövretmə periodu təxminən 133 il təşkil edir. Komet Günəşə hər dəfə yaxınlaşdıqda orbiti boyunca böyük miqdarda toz və kiçik qaya hissəcikləri buraxır. Yer hər il avqust ayında öz hərəkəti zamanı bu hissəciklər axınından keçir. Atmosferə təxminən 59 km/s sürətlə daxil olan bu hissəciklər havanın müqaviməti nəticəsində qızaraq yanır və gecə səmasında parlaq işıq izləri – meteorlar əmələ gətirir.

Perseid meteor yağışı yüksək intensivliyi, sürətli hərəkət edən və parlaq meteorları ilə seçilir. Bu meteorların bir çoxu atmosferdə uzun işıq izləri buraxır ki, bu da onları digər meteor yağışlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Radiantı (meteorların mənbəyi) Persey bürcündə yerləşdiyi üçün bu meteor yağışı Perseidlər adlanır. Bakı şəhərindən bu radiant bütün gecə ərzində görünür. Buna görə Perseid meteorlarını gecə boyu müşahidə etmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək vəziyyətə çatır. Bakı üçün bu vaxt təxminən saat 06:00-dır.

Perseid meteor yağışının maksimum intensivliyi saatda təxminən 150 meteor təşkil edir. Bu göstərici tam qaranlıq səma və radiantın müşahidəçinin düz başı üzərində yerləşdiyi ideal şərait üçün hesablanır. Bakı şəhərində radiant maksimum 69° hündürlüyə qalxdığından və hava şəraiti əlverişli olduqda müşahidəçilər saatda təxminən 140 meteor görə bilərlər. Perseid meteor yağışını izləmək üçün teleskop və ya binokl tələb olunmur. Ən yaxşı müşahidə nəticəsi əldə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq müşahidə məntəqəsi seçmək lazımdır. Əlverişli hava şəraiti olduğu halda avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə sübhə yaxın saatlarda müşahidəçilər onlarla, hətta yüzdən çox meteor görə biləcəklər.

2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq olmasını təmin edəcək və meteorların müşahidəsinə demək olar ki, mane olmayacaq. Bu səbəbdən 2026-cı il Perseid meteor yağışının son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026