BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”

10/03/2026

C/2026 A1 (MAPS) adlı komet yaxın günlərdə Günəşə çox yaxın məsafədən keçəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, komet böyük ehtimalla 4 aprel 2026-cı il tarixində Günəşə düşərək parçalanacaq və ya tam buxarlanacaq.

Alimlərin hesablamalarına əsasən, MAPS kometi 1106-cı ilin məşhur Böyük Kometinin fraqmentlərindən biri ola bilər. 1106-cı ilin Böyük Kometi (Great Comet of 1106 -X/1106 C1) orta əsrlərdə müşahidə edilmiş ən parlaq kometlərdən biri hesab olunur.

Komet Günəşə yaxınlaşdıqca onun nüvəsindəki buz və digər uçucu maddələr sürətlə buxarlanır. Bu proses güclü qaz və toz axınları yaradır və nəticədə kometin quyruğu sürətlə böyüyür. Günəşə çox yaxın məsafədə isə Günəş tacının son dərəcə yüksək temperaturu və güclü Günəş küləyi kometin nüvəsini dağıda bilər. Astronomların fikrincə, nüvəsinin ölçüsü təxminən 2 km olan bu kometin Günəşə çox yaxın məsafədən (~750000 km) keçdikdən sonra sağ qalması ehtimalı çox azdır.

Hazırda kometin parlaqlığı təxminən +11,6 ulduz ölçüsü səviyyəsindədir və yalnız teleskoplarla müşahidə edilə bilir. Lakin hesablamalar göstərir ki, Günəşə yaxınlaşdıqca onun parlaqlığı sürətlə artacaq. Xüsusilə mart ayının son günlərində və aprel ayının ilk günlərində kometin parlaqlığının kəskin şəkildə artması gözlənilir. Bu zaman kometin quyruğu sürətlə böyüyəcək və bəzi hallarda kiçik teleskoplar və hətta binokllarla müşahidə edilə bilər. Kometin parlaqlığının son günlərdə daha da artaraq adi gözlə görünməsi, hətta qısa müddət ərzində gündüz səmasında müşahidə olunması ehtimalı da istisna edilmir.

Kometi müşahidə etmək üçün ən uyğun vaxt Günəş batdıqdan dərhal sonra, qərb istiqamətində təxminən 1–1.5 saat ərzində olacaq. Lakin Günəşə çox yaxın yerləşdiyinə görə onu müşahidə etmək çətin ola bilər.

Kometin Günəşə son yaxınlaşma mərhələsi kosmik teleskoplar və Günəşi müşahidə edən xüsusi cihazlar (koronoqraflar) vasitəsilə də izlənəcək. Bu müşahidələr alimlərə kometlərin quruluşu, Günəşə yaxın mühitdə onların davranışı və Günəş küləyinin təsiri haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək.

Xəbərlər

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə
10/03/2026

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”
10/03/2026

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur
10/03/2026