BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

24/04/2026

Aprelin sonundan may ayının ortalarına qədər “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

Meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürətləri səbəbindən səma boyunca uzun və parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı “Eta Aquarid” adlandırılır.

“Eta Aquarid” meteor yağışının mənbəyi Günəş sisteminin ən məşhur periodik kometlərindən biri olan Halley kometi ilə bağlıdır. Halley kometi qədim dövrlərdən müşahidə olunsa da, onun periodik təbiəti ilk dəfə Edmond Halley tərəfindən müəyyən edilib. O, 1682-ci ildə müşahidə etdiyi kometin 1531 və 1607-ci illərdə qeydə alınmış kometlə təxminən 76 illik dövrə malik eyni obyekt olduğunu hesablayıb. 1758-ci ildə kometin yenidən görünməsi bu hesablamanı təsdiqləyib və komet onun şərəfinə adlandırılıb. Günəşə yaxınlaşma zamanı kometin səthindəki buz və toz maddələri sublimasiya edir və orbital trayektoriya boyunca geniş və uzun iz buraxır. Yer bu izlə ildə iki dəfə qarşılaşır və nəticədə may ayında “Eta Aquarid”, oktyabr ayında isə “Orionid” meteor yağışları müşahidə olunur.

Bakı şəhərindən “Eta Aquarid” meteor yağışının müşahidəsi mümkündür, lakin bəzi məhdudiyyətlər mövcuddur. Şimal yarımkürəsində yerləşdiyinə görə meteorların radiant nöqtəsi üfüqdən çox yüksək qalxmır. Bunun üçün də müşahidə olunan meteorların sayı Cənub yarımkürəsi ilə müqayisədə daha az olur. Buna baxmayaraq, əlverişli hava şəraitində və şəhər işıq çirklənməsindən uzaq ərazilərdə səhərə yaxın saatlarda (saat 02:16-dan 05:01-ə qədər) müşahidə aparmaqla saatda 10–20 meteor görmək mümkündür. Xüsusilə Abşeron yarımadasından kənar, daha qaranlıq səma şəraitinə malik ərazilər müşahidə üçün əlverişli hesab olunur.

“Eta Aquarid” meteor yağışı yalnız estetik baxımdan deyil, həm də elmi tədqiqatlar üçün mühüm əhəmiyyətə malikdir. Meteorların spektral müşahidələri onların kimyəvi tərkibini müəyyən etməyə imkan verir, bu məlumatlar komet materialının ilkin xüsusiyyətlərinin öyrənilməsi üçün istifadə olunur. Meteorların Yer atmosferinə daxil olması zamanı baş verən ionlaşma və enerji ötürülməsi prosesləri yüksək enerjili hissəciklərin atmosferlə qarşılıqlı təsir mexanizmlərini araşdırmağa imkan yaradır.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”
23/04/2026

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti
23/04/2026