BDU-nun Astrofizika kafedrası: “Mayın 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq”

07/05/2026

May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq. Meteor yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03:00 radələrində baş verəcəyi gözlənilir.

Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu zaman Yer kosmosda komet mənşəli toz və daş hissəciklərindən keçəcək və həmin hissəciklər böyük sürətlə Yer atmosferinə daxil olaraq parlaq meteor izləri yaradacaqlar.

η-Lyrid meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və meteorlar bu nöqtədən çıxırmış kimi görünür. Bu meteor yağışının mənbəyi C/1983 H1 (IRAS–Araki–Alcock) kometi ilə əlaqələndirilir. Bu komet 1983-cü ildə infraqırmızı astronomik peyk IRAS, həmçinin müstəqil olaraq yapon astronomları Geniçi Araki və George Alkock tərəfindən aşkar edilib. Komet uzunperiodlu kometlər sinfinə daxildir. Onun Günəş ətrafında tam bir dövrünü təxminən 970 ildən çox müddətdə tamamladığı hesab olunur. Hər dəfə Günəşə yaxınlaşdıqda kometin səthindən qopan toz və buz hissəcikləri orbit boyunca yayılır və Yer həmin hissəciklər axınından keçdikdə η-Lyrid meteor yağışı yaranır.

η-Lyrid meteoroidləri Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur ki, bu da onları orta sürətli meteor axınları sırasına daxil edir. Atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq ionlaşır və gecə səmasında parlaq işıq izləri — meteorlar əmələ gətirir.

Bakıdan müşahidə zamanı η-Lyrid radiantı demək olar ki, bütün gecə üfüqdən yuxarıda olacaq və bu səbəbdən meteor yağışı gecə ərzində izlənilə biləcək. Lakin radiantın səmadakı hündürlüyü gecə ərzində artdığından ən əlverişli müşahidə vaxtı sübhə yaxın saatlar hesab olunur. Radiantın kulminasiya anı təxminən saat 05:00 ətrafında baş verəcək və bu zaman meteorların sayı maksimuma çatacaq. Bunun səbəbi Yerin öz oxu ətrafında fırlanması nəticəsində müşahidə nöqtəsinin meteor axınının istiqamətinə daha optimal yönəlməsidir.

Sübhə yaxın saatlarda radiant yüksəkdə olduğundan meteorlar daha çox sayda, lakin nisbətən qısa izlərlə görünəcək. Gecənin əvvəlində isə meteor sayı az olsa da, onlar atmosferə daha maili daxil olduqları üçün daha uzun izlər buraxacaq. η-Lyrid meteor yağışı çox güclü meteor axınlarından sayılmasa da, qaranlıq səma şəraitində müşahidəçilərə saatda bir neçə parlaq meteor izləmək imkanı yarada bilər.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar

BDU-da arxeologiyada fiziki-kimyəvi analiz metodlarına dair elmi seminar
07/05/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi “Azərbaycanın memarlıq inciləri” adlı rəsm müsabiqəsinin qalibi olub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi “Azərbaycanın memarlıq inciləri” adlı rəsm müsabiqəsinin qalibi olub
07/05/2026