BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

06/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində müasir biologiya elminin prioritet istiqamətlərinin geniş auditoriyaya çatdırılması, elmi mühitin daha da gücləndirilməsi və gənc tədqiqatçıların aktual mövzular üzrə məlumatlandırılması məqsədilə növbəti elmi seminar keçirilib. Seminarda Botanika və bitki fiziologiyası kafedrasının doktorantı, Biomühəndislik elmi-tədqiqat laboratoriyasının elmi işçisi Böyükxanım Cəfərzadə  “Duzadavamlılıq dərəcəsinə görə fərqlənən bitkilərdə antioksidant müdafiə sisteminin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə duzluluq stresinin bitkilərin fizioloji-biokimyəvi proseslərinə təsiri geniş və sistemli şəkildə təhlil edilib. Duzlu mühitdə yetişdirilən arpa, buğda və lobya bitkiləri üzərində aparılan tədqiqatların nəticələri təqdim olunub, həmin bitkilərdə cücərmə göstəriciləri, morfoloji parametrlər – kök və gövdə uzunluğu, biokütlə, eləcə də fizioloji və biokimyəvi xüsusiyyətlər kompleks şəkildə araşdırılıb.

Təqdimatda bitkilərdə su balansı, nisbi su tutumu, fotosintetik piqmentlərin vəziyyəti, antioksidant fermentlərin aktivliyi, qeyri-fermentativ komponentlərin dəyişmə dinamikası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, duz stresinin intensivliyinin artması osmotik balansın pozulmasına, ion toksikliyinin güclənməsinə və oksidləşdirici stresin yüksəlməsinə səbəb olur ki, bu da bitkilərin böyümə, inkişaf və məhsuldarlıq göstəricilərinin zəifləməsi ilə nəticələnir.

Seminarda müxtəlif bitki növlərinin duzadavamlılıq səviyyəsinə görə müqayisəli təhlili də təqdim olunub. Bildirilib ki, duz stresinə daha davamlı bitkilərdə antioksidant müdafiə sistemi daha aktiv fəaliyyət göstərir və bu, reaktiv oksigen növlərinin zərərli təsirinin azaldılmasında mühüm rol oynayır. Bu baxımdan, antioksidant müdafiə mexanizmlərinin öyrənilməsi bitkilərin stres amillərinə uyğunlaşma potensialının qiymətləndirilməsi üçün mühüm elmi istiqamət kimi dəyərləndirilib.

Məruzədə əldə olunan nəticələrin praktik əhəmiyyəti də vurğulanıb. Qeyd edilib ki, aparılan tədqiqatlar duzlu torpaq şəraitində kənd təsərrüfatı bitkilərinin seleksiyası, stresə davamlı sortların müəyyənləşdirilməsi, məhsuldarlığın qorunması və effektiv aqrotexniki tədbirlərin hazırlanması baxımından mühüm elmi əsas yaradır. Bu istiqamətdə aparılan araşdırmalar torpaq resurslarından səmərəli istifadə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və davamlı kənd təsərrüfatı modelinin formalaşdırılmasına töhfə verir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026