BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Biologiya fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətindən, xalqımızın sarsılmaz birlik və həmrəyliyindən bəhs edib. Dekan gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin və Zəfər tariximizin tələbələrə aşılanmasının vacibliyini vurğulayıb.
Tədbirin rəsmi hissəsində Vətən müharibəsi qazisi Əli Zamanzadə və antiterror əməliyyatlarının iştirakçısı, fakültənin tələbəsi Əlimusa Əliyev çıxış edərək keçdikləri şərəfli döyüş yolundan, cəbhə xatirələrindən bəhs edib və təəssüratlarını gənclərlə bölüşüblər.
Bədii hissədə isə tələbələrin ifasında Vətənə, şəhidlərin müqəddəs xatirəsinə və tarixi Qələbəmizə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim olunub.








